Çərşənbə axşamı, Sentyabr 27, 2022

ENSİKLOPEDİYA, FƏLSƏFƏ

Amerikan Aydınlanması – Şeyn J.Rallston

Amerikan Aydınlanmasının hansı zaman periodunda reallaşdığı barədə fikir ayrılıqları olsa da, XVIII əsrdə İngilis hökmranlığı altındakı Şimali Amerikada və ABŞ-ın formalaşma dövründə yaşayan filosoflar arasında yarandığı, üstəlik İngilis və Fransız Aydınlanmasından ilham aldığını desək, yəqin ki, yanılmarıq.  Qaranlıq çağı aydınlandırma metaforasına əsaslanan Aydınlanma Dövrü mütləq hakimiyyətə istər dini, istərsə də siyasi bağlılığı insan təbiəti, din və siyasət çərçivəsində daha optimist və skeptik münasibətə yönəltdi. Bu mənada Tomas Peyn, Ceyms Medison, Tomas Cefferson, Con Adams və Benjamin Franklin kimi filosoflar elmi rasionalizm, dini tolerantlıq və eksperimental siyasi təşkilatlanma sferalarında inqilabi fikirlər tapıb mənimsədilər və bu fikirlər yeni doğulmuş millət üçün geniş miqyasda təsirlərə səbəb oldu.

Bu adların bəziləri deizm anlayışı çərçivəsində elm və dini birləşdirdi; digərləri anti-avtoritar liberalizm doktrinasında təbii insan hüquqlarını müdafiə edirdi; üçüncülər isə respublikaçı düşüncənin ilkin formalarında fəzilətin, avanqard liderliyin və cəmiyyətin vacibliyindən bəhs edirdi. Amerikan Aydınlanması özü ilə ən azı altı yeni ideologiya gətirmişdi: deizm, liberalizm, respublikaçılıq, konservatizm (mühafizəkarlıq), tolerantlıq (dini, siyasi və s.) və elmi tərəqqi. Bu ideologiyalardan bir çoxu Avropa Aydınlanma filosoflarının fikirləri ilə bənzər idi, ancaq bəzi situasiyalarda analoqu olmayan Amerikan formasına çevrilmişdi.

Mündəricat

Aydınlanma Dövrü Düşüncəsi

  1. Balanslı və Radikal
  2. Xronologiya
  3. Demokratiya və İctimai Müqavilə

Altı Əsas İdeologiya

  1. Deizm
  2. Liberalizm
  3. Respublikaçılıq
  4. Konservatizm (Mühafizəkarlıq)
  5. Tolerantlıq
  6. Elmi Tərəqqi

Dörd Amerikan Aydınlanma Filosofu

  1. Benjamin Franklin
  2. Tomas Cefferson
  3. Ceyms Medison
  4. Con Adams
  1. Aydınlanma Dövrü Düşüncəsi

Amerikan tarixində inqilabdan əvvəlki və sonrakı dövrdə Aydınlanma düşüncəsinin Avropada müşahidə olunan nümunələrinə bənzər sistemdə inkişafı üçün münbit şərait yarandı. İnqilabdan əvvəlki dövrdə amerikalılar Kral III Corcun səriştəsiz hakimiyyətinə, Parlamentin ədalətsizliyinə (Parlamentdə təmsil olunmayanların vergiləndirilməyi) və müstəmləkəçi gücün (Britaniya İmperiyası) əlindəki istismarçı münasibətə reaksiya verirdi. Amerikan inqilabı tərəfdarı olan ingilis Tomas Peyn Şimali Amerika koloniyalarının İngilis hərbiçilər tərəfindən istismarını pisləyən məhşur “The Rights Of Man” kitabını qələmə aldı. İnqilabdan sonra amerikalı filosofların hamısı İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və Federalist Məqalələr kimi sənədlərdə qalıcı fikirlərini səsləndirərək liberal və respublikaçı ideyalara əsaslanan yeni idarə sistemi yaradırlar.

Fərqləndirici cəhətlər XVIII əsr Amerikasında meydana gəlsə də, Amerikan Aydınlanmasının əhəmiyyətli qismi İngilis və Fransız cəmiyyətlərindəki oxşar təcrübələrlə davamlılıq təşkil edirdi. Həm Avropa, həm də Amerikan Aydınlanma mətnlərindəki bu dörd mövzu təkrarlanır: modernizm, skeptizm (şübhəçilik), ağıl və azadlıq. Modernizm, mütləq əxlaqi, dini və siyasi hakimiyyətə əsaslanan inancların və qurumların (kralların ilahi hüququ və Ancien Régime kimi) elm, rasionalizm və dini populizmə əsaslananları getdikcə kölgədə qoyacağı mənasına gəlir. Volter, Russo və Didro kimi bir çox Fransız Aydınlanma filosofu fərdi seçimin və ağılın miqyasını potensial olaraq məhdudlaşdıran fövqəltəbii, yüksək və möcüzəvi güclərə sığınmağa şübhəci yanaşaraq bir növ fəlsəfi skeptizmə yönəlirdilər. Universal olaraq paylaşılan ağıl Aydınlanma filosoflarının yazılarında da (xüsusilə, İmmanuel Kantın “Aydınlanma Nədir?” məqaləsində və “Əxlaq Metafizikasının Təməlləri” kitabında) geniş müzakirə mövzusuna çevrildi. Dördüncü mövzu olan azadlıq və hüquqlar isə, xüsusilə də əyalətlərin yaranmağından sonra meydana gələn və ictimai müqavilələrində (xüsusilə Con Lokkun “Dövlət İdarəçiliyi Haqqında İkinci Traktat” məqaləsində və Tomas Ceffersonun İstiqlal Bəyannaməsinin şablonlarında) işıqlandırılan dövlət səlahiyyətlərinin sərhədləri kimi siyasi cəmiyyət nəzəriyyələrində mərkəzi rol oynamışdır.

a. Balanslı və Radikal 

Aydınlanma dövrü ərzində mövcudiyyətini davam etdirən populyar mövzulardan əlavə, Henri Mey, Conatan İsrael kimi tarixçilər Aydınlanma düşüncəsini, hər biri o dönəmdə populyar olan fikirlərin mahiyyətini və intensivliyini əks etdirən iki geniş kateqoriyaya bölürlər. Balanslı Aydınlanma iqtisadi liberalizmə, dini tolerantlığa və konstitusion siyasətə bağlılığı göstərir, Radikal Aydınlanma isə mərkəzçiliyin əksinə, aydınlanmış düşüncəni inqilabi ritorika və klassik respublikaçılıq prizmasından şərh edir. Bəzi tənqidçilər İngilis Aydınlanmasının (xüsusilə, Ceyms Haton, Adam Ferqüson və Adam Smit kimi şəxsiyyətlər) əsasən daha balanslı olduğunu, Fransız Aydınlanmasının (Denis Didro, Klod Edrien Helvetsi və Volterin təmsil etdiyi) isə daha radikal olduğunu deyirlər. İngilis və fransızlardan olduğu kimi təsirlənən Amerikan Aydınlanması da özündə həm balanslı, həm də radikal ünsürləri birləşdirir.

b. Xronologiya

Amerikan Aydınlanması dövrünü Aydınlanma düşüncəsinin inkişafı baxımından üç xronoloji dövrə bölərək elə dəyərləndirmək olar.  İlk dövr, 1688-ci ildə İngiltərədə baş verən Şanlı İnqilabdan etibarən Avropanın orta təbəqə mənsublarının monarxik və aristokratik rejimlərdən (elmi ixtiralar, sosial və siyasi dəyişikliklər və ya Amerika da daxil olmaqla Avropa xaricinə köç yolu ilə) xilas olmağa başladıqları 1750-ci illərə qədər davam edir. Orta dövr 1751-ci ildən 1779-cu ildə Amerika İnqilabının başlamağından sonrakı bir neçə ilə qədər davam edir. Son dövr isə 1780-ci ildən 1815-ci il Fransız İnqilabının bitib Napolyonun yüksəlişi ilə sona yetir. Üstəlik bu dövr Amerikan Aydınlanmasının Avropanın üfüq açan fikirlərini inkişaf etdirib sistemləşdirdiyi halda, Avropa Aydınlanmasının tənəzzülə uğradığı dövrdür. Bununla bərabər, Amerikan Aydınlanma filosofları Avropalı həmkarları ilə həmişə eyni fikirdə olmayıblar. Məsələn, bəzi Amerikan filosofları (xüsusilə də Ceyms Medison və Con Adams) Fransız filosoflarını öz dövrlərinin əxlaqi baxımdan degenasiyaya uğramış intellektualları hesab edirdilər.

c. Demokratiya və İctimai Müqavilə

Bir çox Avropalı və Amerikan Aydınlanma filosofu demokratiyanı tənqid edirdi. Demokratik qurumların dəyəri mövzusundakı şübhəçiliyi Platonun “demokratiyanın tiranlığa şərait yaratdığı” inancının və Aristotelin “demokratiyanın ən pis idarəetmə formalarının ən yaxşısı” olduğu fikrinin mirası hesab etmək olar. Con Adams və Ceyms Medison “savadsız və mülkü olmayan insanların əlinə lazım olandan daha çox siyasi güc verməyin cəmiyyəti davamlı olaraq siyasi və sosial üsyan riskinə düçar etdiyi” kimi elitist, anti-demokratik fikirlərini davam etdirirdi. Bəzi Amerkan Aydınlanma filosofları demokratiyanı tənqid etsələr də, digərləri Avropa ictimai müqavilə nəzəriyyələrində əks olunan xalqın suverenliyi fikrinə daha açıq idi. Tomas Cefferson Con Lokkun ictimai müqavilə nəzəriyyəsindən kifayət qədər təsirlənmişdi, Tomas Peynin əsas istinad nöqtəsi isə Jan Jak Russonun İctimai Müqavilə Nəzəriyyəsi idi. Con Lokk 1689-1690 -cu ildə qələmə aldığı “Dövlət İdarəçiliyi Haqqında İkinci Traktat məqaləsində kralların ilahi hüquqa sahib olmağının əleyhinə çıxır və hökümətin idarə olunanların razılığına əsaslanmalı olduğunu irəli sürürdü. Amma bu da xalqın həyat, azadlıq və mülkiyyətə  bağlı olan əsas hüquqların qorunmağı qarşılığında siyasətdən əvvəlki cəmiyyətdə sahib olduqları azadlıqların bir qismini güzəştə gedəcəyi halda mümkün ola bilərdi. Amma dövlət bu təbii hüquqları qorumağı bacarmayıb ictimai müqaviləni pozsa, xalqın üsyana qalxıb yeni hökümət qurmaq hüququ yaranırdı. Bəlkə də, Lokka nisbətən daha demokrat olan Russo 1762-ci ildə qələmə aldığı “İctimai Müqavilə”-də vətəndaşların çərçivəsində yaşayacaqları qanunları və onları tətbiq edəcək hakimləri seçib özünü idarə etmək hüququna malik olduğunu irəli sürürdü. Russo belə hesab edirdi ki, dövlətin iradəsiylə xalqın iradəsi arasındakı əlaqə (ümumi iradə) demokratik olacaqsa, vasitəçilik edən qurumların sayı minimum olmalıdır.

  1. Altı Əsas İdeologiya 

Amerikan Aydınlanması özü ilə bərabər altı əsas ideologiya gətirdi : deizm, liberalizm, respublikaçılıq, konservatizm (mühafizəkarlıq), tolerantlıq (dini, siyasi və s.) və elmi tərəqqi. Bu ideologiyaların bir çoxu Avropalı Aydınlanma filosoflarının fikirləri ilə oxşarlıq təşkil edirdi, amma bəzi situasiyalarda analoqsuz Amerikan formasına çevrilmişdi.

a. Deizm

Avropalı Aydınlanma filosofları mədəniyyətləri, ənənələri və qərəzləri təbiətin dünyəvi qanunları haqqında həqiqi bilik əldə etmək yolunda əngəl hesab edirdilər. Bu problemin həlli Deizm və ya (dini inancı ağıla və təbii həyatın müşahidəsinə əsaslandırmaq əvəzinə) Tanrının mövcudluğunu müqəddəs kitablardan, ilahi taledən, dindən və peyğəmbərlikdən, həmçinin möcüzələrdən ayrı şəkildə anlamaq idi. Deistlər Tanrını ağlabatan ilahi kimi qəbul edirdilər. Ağlabatan Tanrı təbiət qanunları daxilində kainatın əxlaqi doktrinalarını kəşf etsinlər deyə insanlara ağıl bəxş etmişdi. Tanrı təbiətə nəzarət edən universal qanunları yaratmışdı, sonra insanlar Tanrının iradəsini sağlam mühakimə və ağılla fəaliyyət göstərərək reallaşdırdılar. Deistlər tipik (bəzi hallar istisna olmaqla) Prostestanlar idi; dini doqmatizmi və Katolik kilsəsi tərəfindən tətbiq olunan ənənələrə bağlı qalmaqdan imtina edirdilər. Əksər deist katoliklərlə şiddətə və dözümsüzlüyə əsaslanan mübarizə aparmaq əvəzinə satira və sarkazm kimi metodlardan istifadə edirdilər.

Ceyms Medison, Benjamin Franklin, Aleksandr Hamilton, Con Adams və Corc Vaşinqton kimi həm balanslı, həm də radikal Amerikan Aydınlanma filosofları deist idilər. Bəziləri Kalvinist ortodoksluq və deist inanclar arasındakı gərginliklərlə mübarizə apardığı halda, bəziləri  Tomas Peynin “Məntiqin yaşı” əsərində inkişaf etdirdiyi deizmin populist versiyasına qapıldı. Franklin isə Konstitusiya Konqresində irəli sürdüyü bu fikirlə yadda qaldı: “Nə qədər uzun yaşasam, Tanrının insanın işlərinə müdaxilə etdiyi reallığına dair o qədər sübut tapacağam”. Cefferson Bibliyası (əslində Nazaretli İsanın Həyatı və Əxlaqı) adı ilə tanınan kitabında Tomas Cefferson İsanın həyatı, yaşadığı dövrü deist baxışdan qələmə alaraq, möcüzə və ilahi müdaxilə ilə bağlı bütün ifadələri aradan qaldırmışdı. Cefferson kimi deistlərin fikrincə, Tanrı insanların gündəlik həyatında, əxlaqi və ya humanist bir baxış və Tanrının qanunlarını kəşf etmək üçün səbəb göstərməkdən başa heç nə etməyib. Tanrının insan həyatındakı bir başa rolunun demək olar ki, olmadığına baxmayaraq, amerikalı deistlər onun varlığını inkar etmirdilər, çünki əhalinin böyük əksəriyyəti hələ də qatı dindar idi və rahiblərin xeyirxah əməllərini (məsələn, monastırlar, dini məktəblər və ictimai xidməti) dəstəkləyirdilər.

b. Liberalizm

Amerikan Aydınlanmasının mərkəzindəki digər ideologiya isə Liberalizmdir. Liberalizm insanların təbii hüquqlara sahib olduğu və hökümətin gücünün mütləq olmadığı, bu qüvvənin ancaq idarə olunanların iradəsinə və razılığına əsaslandığı düşüncəsidir. Radikal və ya inqilabi doktrinadan əlavə liberalizm, Şimali Avropadakı (xüsusilə də Hollandiya və İngiltərə) tacirlər tərəfindən mənimsənən iqtisadi sistemə və tolerant Protestantlığa əsaslanırdı. Liberallar orta təbəqənin mənfəətlərini zadəgan aristokratiyanın mənfəətlərindən üstün tuturdular. Bu istehlakçıların və ya vətəndaşların arasında irqi və ya dini ayrı-seçkiliyə yol verməyən tolerant plüralist disskursu şəxsi mülkiyyət hüquqlarının qorunmağına xidmət edən hüquq sistemi və feodal sistemlə əlaqəsi passiv kollektivizm üzərində qurulmuş güclü fərdiyyəçi dünya görüşü idi. Liberallar bununla bərabər rasional müzakirəni və dini doktrinaların və ya hökümət nümayəndələrinin tənqidolunmazlığını inkar edərək, fikir azadlığını müdafiə edirdilər. Beləcə, liberalizm anti-avtoritar düşüncəyə çevrildi. Daha sonra liberalizm ardından gələn demokratiya və ictimai və şəxsi mülkiyyətin kəskin şəkildə ayrılmağı ilə əlaqələndirilsə də, ilkin liberalizm  ifadə və hərəkət azadlığını, hökümətdən tələb etmə azadlığını, din və dövlətin ayrılmağını, xeyriyyəçilik və sahibkarlıq fəaliyyətində ictimai və şəxsi mənfəətlərin birləşdirilməyini dəstəkləyirdi.

Fərdlərin mülkiyyət, həyat, azadlıq və yaxşılıq anlayışlarını davam etdirmək kimi Tanrı tərəfindən bəxş edilən təməl hüquqlara sahib olduqları iddiasını ilk dəfə ingilis filosof Con Lokk səsləndirmişdi, amma Tomas Ceffersonun “İstiqlal bəyannaməsi”-nin şablonunda da istifadə olunmuşdu. Konstitusiyanın ilk on qanun dəyişikliyi olan ABŞ Hüquqlar Bəyannaməsi liberal ideala əsaslanan fərdi hüquqlar proqramını təminat altına almışdı. Konstitusion Konqres zamanı Ceyms Medison anti-federalistlərin iki yüzdən artıq tövsiyyəsini nəzərdən keçirərək, onları on iki qanuni dəyişiklikdən ibarət olan siyahıya çevirməklə cavab vermişdi. Bu siyahı ifadə azadlığı, dini-etiqad azadlığı, silah daşıma azadlığı hüququnu və habeas corpus-u (şəxsin məhkəmə önünə çıxarılması) əhatə edirdi. Təklif olunanlardan onu 1791-ci ildə təsdiq olunur, qalan dəyişikliklərdən biri isə (növbəti təyinat dövrünə qədər konqresin özünə maaş artımı etməyinə mane olan dəyişiklik) 27-ci dəyişiklik olaraq təsdiq olunmaq üçün 1992-ci ilə qədər gözləməyə məcbur olur. Medisonun Hüquqlar Bəyannaməsi ancaq federal hökümətə tətbiq olunmamağı məsələsindəki narahatlığı nəhayət 1868-ci ildə On dördüncü Konstitusional dəyişikliyin və XX əsr boyunca bir sıra Ali Məhkəmə prosesinin qəbul olunmağına səbəb olacaqdı.

c. Respublikaçılıq

Klassik Respublikaçılıq millətin, dövlətin ən yüksək ictimai xadiminin seçiminin irsi haqq iddiasından əlavə ümumi seçkilərlə müəyyənləşdirdiyi bir respublika olaraq idarə olunmalı olduğu fikrinə bağlılıqdır. Respublikaçı dəyərlərin təməlində mədəni vətənpərvərlik, fəzilətli vətəndaşlıq və mülkiyyətə əsaslanan şəxsiyyət durur. Antik Çağın sonu və Renesans dövrünün əvvəlində inkişaf edən klassik respublikaçılıq, ilk liberalizmdən fərqli idi, çünki hüquqların Tanrı tərəfindən cəmiyyətlər yaranmadan əvvəl verilmədiyini, hüquqların siyasi cəmiyyətlərin məhsulu olaraq meydana gəldiyinə inanırdılar. Klassik republikaçı azadlıq fikrinə görə vətəndaşlar azadlıqlarını sosial və siyasi əlaqələrindən kənarda muxtar fərd kimi yox, mövcud sosial münasibətlər, tarixi qurumlar və ənənəvi topluluqlar anlayışı daxilində istifadə edirlər. Beləcə, klassik respublikaçıların fikrincə, azadlıq cəmiyyətlərdən əvvəlki fərdin təbii haqqları baxımından neqativ təqdim olunmaq əvəzinə siyasi cəmiyyət tərəfindən pozitiv şəkildə təqdim olunur.

Avropa Aydınlanması tərəfindən əvvəldən formalaşdırılmağına baxmayaraq Amerikan Aydınlanması da millətin respublika formatında idarə olunmağı fikrini dəstəkləyirdi; nəticədə dövlətin idarəetməsi irsi bir qan bağı vasitəsilə təyin olunmaq əvəzinə xalq tərəfindən seçilirdi. Şimali Amerika koloniyaları ingilis hakimiyyətinin degenerasiyaya uğramış və respublikaçı dəyərlə ziddiyyət təşkil edən idarəetməsindən bezib milislərə qoşuldular və Corc Vaşinqtonun komandanlıq etdiyi Amerika Qitə Ordusunu qurdular. Kökü oxşar Roma idealından gələn Ceffersonçu kəndli idealı XVIII əsr Amerikasını həm zəhmətkeş əkinçi, həm də respublikaçılığa xidmət edən vətənpərvər əsgər kimi təmsil edirdi. Dövlətin ən ali vəzifəsinə seçiləndə Corc Vaşinqtona kral titulu təklif edilir, amma hamımızın da bildiyi kimi Vaşinqton bu tituldan imtina edir və onun əvəzinə daha respublikaçı titul olan “prezident” titulunu seçir. Amerika inqilabı və quruluşu dövründə liberalizmin və respublikaçılığın nisbi əhəmiyyəti mövzusunda akademik müzakirələr davam etsə də, respublikaçı fikirlərin Amerikan Aydınlanması üzərində formalaşdırıcı təsirinin olduğu fikri əksəriyyət tərəfindən qəbul olunur.

d. Mühafizəkarlıq (konservatizm)

Aydınlanma daha çox liberalizm və respublikaçılıqla əlaqələndirilsə də, Aydınlanmanın son mərhələsində əsasən Fransız inqilabının ifratçılığına reaksiya kimi danılmaz bir konservatizm hərəkatı meydana çıxdı. 1790-cı ildə Edmund Börk “Fransa inqilabı haqqında düşüncələr” adlı kitabında inqilab haqqında (əsasən “terror” adlandırılır) Fransız cəmiyyətində sistem və əxlaqın məhv olacağını proqnozlaşdırmışdı. Börk mühafizəkarlığının Aydınlanmaya (və ya Aydınlanma müxalifliyinə) reaksiya olduğu iddia edənlərə baxmayaraq, mühafizəkarlar da Aydınlanma fikirləri çərçivəsində fəaliyyət göstərirdilər. İnsan təbiəti ilə bağlı bəzi Aydınlanmaçı iddialar insan mədəniyyətinə tətbiq olunanda çürüdüldüyü səbəbilə dəf edilməkdədir. Məsələn, bəşəri insan haqqları doktrinalarına duyulan Aydınlanma inancı bir çox millətlərin, regionların və şəhərlərin adət-ənənələrinə zidd olur ki, bu da faydadan çox zərər verir. Klassik respublikaçılar kimi Börk də şəxsiyyətimizin sosial və siyasi münasibətlərimizi əvvəlcədən müəyyənləşdirən bir sıra təbii haqq yox, siyasi cəmiyyətdə yaşamağın məhsulu olduğuna inanırdı. Mühafizəkarlar (Hobbs, Lokk və Russonun araşdırmalarında meydana çıxan) ictimai müqavilə anlayışını cəmiyyətdəki qrupların və perspektivlərinin əksəriyyətini gözardı edən xəyali sistem kimi dəyərləndirir, tənqid edir. Bu reallıq vasitəçilik razılaşmalarını qaçınılmaz, bəşəri birliyi isə imkansız hala gətirir. Börk isə Aydınlanmaçı dəyərlərin hamısını yox, sırf bu hissəsini inkar etməkdə qərarlı idi.

Konservatizm (mühafizəkarlıq) Amerikan Aydınlanma düşüncəsində olduqca mühüm rol oynamışdır. Börk Fransız İnqilabını tənqid edib İngilis adət-ənənələrini və qurumlarını Amerikan obrazına yaradıcı formada yenidən tətbiq edərkən, İngilis müstəmləkəçiliyinin yanlış hakimiyyətindən xilas olmaq üçün Amerikan İnqilabını dəstəkləmişdir. Ceyms Medison və Con Adams kimi Amerikan Aydınlanmaçılar Börkün mühafizəkarlığını təkrarlayan və bəzi situasiyalarda bu mühafizəkarlığı daha çox qabardan fikirlərə malik idilər. Bu, onların Fransız İnqilabından əvvəl və sonra inqilabçı Fransanın yüksəlişini və İnqilabçı Fransa tərəfdarı populyar Yakobinçi cəmiyyətlərini tənqid etməklərinə səbəb oldu. Qırx doqquzuncu Federalist Məqalədə Ceyms Medison konstitusional problemlərdə demokratik xalqlara tez-tez olunan çağırışların əleyhinə mühafizəkar arqument irəli sürdü. Çünki siyasi sabitliyi baltalamaqla və xalqın duyğularını seçilmiş təmsilçilərin “aydınlanmış ağlının” yerinə qoymaqla təhdid edilmişdi. Medisonun mühafizəkar fikirləri Ceffersonun (“Dünya yaşayan nəslə aiddir” fikrinə yönəlmiş) hər 20 ildə bir konstitusiya konqresinin toplanmağı, beləcə hər yeni nəslinin öz konstitusion normalarını gözdən keçirmək səlahiyyətlərinə sahib olmağının labüd olduğu ilə bağlı liberal düşüncəsinə zidd idi.

e. Tolerantlıq

Tolerantlıq və ya tolerant plüralizm də Amerkan Aydınlanmasının ən çox müzakirə olunan mövzularından biri idi. Fərqliliklərə tolerantlıq Şimali Avropa tacir təbəqəsi arasında populyar olan ilk liberal ideyalar ilə paralel inkişaf etmişdi. Tolerantlıq fikri digər irqlərdən və inanclardan nifrət etməyin və qorxmağın iqtisadi münasibətlərə mənfi təsir göstərdiyi, fikir və ifadə azadlığını aradan qaldırdığı, millətlər arası dostluğun bünövrəsinə zərər verdiyi, zülm və müharibələrə səbəb olduğu inancını daşıyırdı. Din əsaslı müharibələrdən (xüsusən XVI əsr Fransız dini müharibələri və XVII əsrdəki otuz illik müharibə) bezmiş Avropalı Aydınlanma filosofları fərqli inancları olan müxtəlif xalqlar arasındakı münasibətləri dini doqmatizmin yox, aydınlanmış ağlın idarə etdiyi dövrü xəyal edirdilər. Protestant Reformasiyası və Vestfaliya sülü Papalığı xeyli zəiflədib dünyəvi siyasi qurumları gücləndirmiş, beləcə müstəqil milli dövlətlərin inkişaf etməyi üçün uyğun şərait yaratmışdı.

Amerikan filosoflar bu tolerant plüralizm prinsipini Avropalı Aydınlanma filosoflarının öncüllərindən miras götürmüşdülər. Şotland Aydınlanma filosofları Con Knoks və Corc Bukanandan təsirlənən Amerikalı Kalvinistlər dünyəvi dövlət məktəbi və demokratik şəkildə təşkil olunmuş din (Presbiteryan Kilsəsi) kimi açıq fikirli, pozitiv və tolerant qurumlar yaratdılar. Benjamin Franklin, Tomas Cefferson və Ceyms Medison da daxil olmaqla bir çox Amerikan Aydınlanma filosofu Con Lokkun “Tolerantlıq haqqında Məktub” adlı əsərini oxuyub mənimsəmişdilər. Bu əsərində Con Lokk hökümətin dini doktrinaların düzgün və ya yanlışlığını mühakimə etmək gücünə malik olmadığını, dini inancı zorla yeritməyin mümkünsüzlüyün, əks təqdirdə ortaya çıxan nəticənin daha böyük dini və siyasi anlaşmazlıq yaradacağını vurğulayırdı. Buna görə də, sivil dövlət din və vicdan azadlığını, ibadət etmək (və ya etməmək) haqqını qorumalı və dövlət tərəfindən təsdiq olunmuş rəsmi kilsə yaratmaqdan çəkinməlidir. Amerikanın qurucuları üçün yeni yaranmış millət hər inancdan və ya heç bir inancdan heç kimin hökümətin və ya vətəndaşın zülmündən qorxmadan sülh və əməkdaşlıq şəraitində yaşayıb inkişaf edəcəyi ölkə olmalı idi. Benjamin Franklinin dinin fəziləti inkişaf etdirməyə kömək olduğuna inanmağı onu Filadelfiyadakı bütün kilsələrə ianə etməyə yönəltmişdi. Din və vicdan azadlığını müdafiə edən Ceyms Medison “vicdan bütün varlıqların ən müqəddəsidir” yazmışdı. 1777-ci ildə Tomas Cefferson hökümətdən dəstək alan Anqlikan Kilsəninin ləğv olunması üçün Virciniyada dini azadlıq qanun təklifi hazırladı və bu qanun Ceyms Medisonun köməyi ilə qüvvəyə mindi.

f. Elmi Tərəqqi 

Aydınlanma dövründəki elmi kəşf partlayışı deizmin populyarlaşması və dini doktrinalar haqqındakı skeptisizm ilə sıx bağlı idi. Deistlər ancaq intellektual maraqlarını ödəmək üçün yox, həm də Tanrının təbiət qanunlarını üzə çıxarmağa meyilli olan ilahi çağırışını cavablandırmaq üçün elmi araşdırmalara yönəldilər. Elmi yeniliklər (istər Kopernik, Kepler və Qalileyin araşdırmaları səbəbilə kainatın mərkəzinin dünya olduğu modelinin təkzib edilməsi, istərsə də Nyutonun cazibə qüvəsinin riyazi açıqlaması kimi təbiət qanunların kəşf olunması) həyata daima müdaxilə edən Tanrı ehtiyacını aradan qaldırdı. Nyutonun Principia əsərinin 1660-cı ildə yayımlanmağı ilə elmi inkişafa olan inanc, İngiltərə Kral Cəmiyyəti, Fransa Elmlər Akademiyası, daha sonra Almaniya Elmlər Akademiyasında sistemli forma aldı. İnqilabdan əvvəlki Amerikada elm adamları və ya filosoflar Benjamin Franklinin qurulmağında kömək etdiyi Kral Dərnəyinin üzvləri idilər. 1768-ci ildə Franklin Amerika Fəlsəfə Cəmiyyətini yaratdı və onun ilk sədri oldu. O, bir çox kəşfin və elektrik qüvvəsinin xüsusiyyəti haqqında apardığı nəzəri araşdırmaları səbəbilə Aydınlanma dövrünün ən məşhur Amerikalı elm xadimlərindən biri idi.

  1. Dörd Amerikan Aydınlanma Filosofu 

Aşağıda XVIII əsr Amerikan Aydınlanmasında dörd əsas filosofun necə töhfə verdiyinə dair qısa məlumatlar var: Benjamin Franklin, Tomas Cefferson, Ceyms Medison və Con Adams.

a. Benjamin Franklin

Amerikanın dövlət kimi meydana gəldiyi dövrdə kolonial siyasətin və inqilabın içində ona liderlik edən Benjamin Franklin eyni zamanda yazar, elm və dövlət adamı idi. Avtobioqrafiyasında qənaətcilliyi, çalışqanlılığı və pul qazanmağın fəzilətini vurğulayırdı. Franklin hesab edirdi ki, şəxsi mənfəət qazanmaq üçün varlanmaq istəyi ancaq xeyriyyəçilik və könüllüklə, cəmiyyətə faydalılıqla uyuşanda fəzilətli olur və bu, əsasən “aydınlanmış şəxsi mənfəət” adlanır. O, ağlın, azad ticarətin və kosmopolit ruhun milli dövlətlərin sülhməramlı münasibətləri inkişaf etdirməsi üçün sadiq bələdçi olduğuna inanırdı. Franklin milli dövlətlər içində “azad sahibkarların yaxşı vətəndaş olduqlarını” çünki “əlçatan hədəflərə” çatmağa çalışdıqları üçün “faydalı və şərəfli ömür sürə biləcəklərini” düşünürdü. Franklin avtobioqrafiyasında iddia edir ki, “əxlaqi mükəmməlliyə” aparan yol on üç fəzilətdən (ölçülülük, səsizlik, sistem, qərarlılıq, qənaətcillik, çalışqanlıq, səmimiyyət, ədalət, mülayimlik, təmizlik, sükunət, iffət və təvazökarlıq) və müəyyən olunmuş miqdarda sağlam düşüncə formalaşdırmaqdan keçir. Franklin vətəndaşların radikal fərdiyyəçiliyini və xüsusi məqsədlərə yönələn axtarışlarını məhsuldar ictimai bazarlara yönəldərək könüllü dərnəkləri dövlət qurumlarından üstün tuturdu. Franklin vətəndaşlara bu dərnəkləri qurub onlara qatılmağı tövsiyyə etməklə kifayətlənməyib, bir çoxunu ya özü qurub, ya da onlara qatılıb. Franklin federalizmin qatı müdafiəçisi, dar düşüncənin müxalifi, dünya siyasətində proqressiv dəyərlərə malik lider, dini azadlığın tərəfdarı idi.

b. Tomas Cefferson

Virciniyalı, dövlət xadimi, alim və diplomat olan Cefferson “Azadlıq Bəyannaməsinin” müəllifi kimi tanınır. Con Lokkun təbii hüqqlar proqramında “mülkiyyət” sözünü “xoşbəxtlik axtarışı” ilə əvəz etmişdi – beləcə insanların əlçatan olan ən geniş hədəflərə çatmaq üçün çalışmaq azadlığı təmin oluna bilərdi (Bu məsələdə Benjamin Franklin ilə həmfikir idi). Üstəlik 1787-ci il Konstitusiya Konqresi zamanı Ceyms Medisonla apardığı uzun yazışmalar nəticəsində (Parisdə diplomatik fəaliyyət göstərdiyinə görə Amerikada deyildi). ABŞ konstitusiyasının formalaşmağında əvəzsiz rol oynamışdı. Cefferson bəyannaməni koloniya xalqının üsyanı və Britaniyadan ayrılmaq iradəsinin sınağı olaraq gördüyü kimi, hardasa on il sonra Filadelfiyadakı konqresi də konstitusion sistem yaratmaq sahəsində sınaq hesab edirdi. Ceffersonun abidəsinin dördüncü kitabəsi Ceffersonun konstitusiyalar haqqında fikirlərindən bəhs edir: “Qanunlarda və konstitusiyalarda tez-tez dəyişikliklərə getməyin tərəfdarı deyiləm, amma qanunlar və qurumlar insan ağlının inkişafı ilə parallel getməlidir. İnsan ağlı inkişaf etdikcə, aydınlandıqca, yeni reallıqlar kəşf edildikcə, davranışlar və fikirlər dəyişdikcə, şərtlərin dəyişməyiylə qurumlar da zamanın tələblərinə uyğun inkişaf etməlidir”. Ceffersonun bu aforizmi konstitusiyaların populyar düşüncə, xəyal gücü və gəlinən nəticələrə görə vaxt keçdikcə dəyişən canlı sənədlər olduğu fikrini, konsitusiyaçılığın ruhunu ifadə edir.

c. Ceyms Medison

“Konstitusiyanın Atası” hesab olunan Ceyms Medison ABŞ konstitusiyasının ən nüfuzlu memarlarından biri olmaqla yanaşı, Amerikan fəlsəfəsində silinməz izlər qoyan ədəbiyyatçı, siyasətçi, alim və diplomat idi. Konstitusiyanın qatı tərəfdarı kimi Medison ən dərin, novator fikirlərini Con Cey və Aleksandr Hamiltonla birgə Federalist Vərəqlər yazısında irəli sürmüşdü. Əslində ən yaddaqalan fikirlərindən ikisi (“böyük respublika” tezisi və “güclər ayrılığı və nəzarət-balans arqumenti”) bu yazıda qeyd olunur.  Onuncu federalist məqalədə Medison fraksiyalar problemini, yəni ortaq mənfəətləri olan qrupların inkişafının qarşısıalınmaz, eyni zamanda respublikaçı hökümət üçün təhlükəli hesab etdiyini vurğulayır. Əgər fraksiyalara mane olmağa çalışsaq, onda mövcudluqlarının və fəaliyyətlərinin əsaslandığı azadlığı məhv edərik. XVII əsr fransız filosofu Baron De Monteskyö kifayər qədər demokratik olan respublika yaratmağın yeganə yolunu həm əhali, həm də torpaq sahəsinin kiçik olmasında görürdü. Sonra isə geniş və çoxyönlü respublikanın həddən artıq çox fraksiya yaranmasının qarşısını alacağını iddia edirdi; kiçik qruplar uzun məsafələrlə əlaqə qura bilməyib effektiv koordinasiya yarada bilməsələr bu təhlükə aradan qalxacaq və azadlıq qorunacaq. Fraksiyalar hökümət daxilində yarananda isə, ağıllı bir güc ayrılığı sistemi (bu fikri daha əvvəl Con Adams səsləndirib “hər şöbənin digər şəbəyə nəzarət etməyi”) zərəri azaldacaq, beləcə “prinsipial mübarizə aparmaq üçün prinsiplər formalaşmalıdır” və nəticədə hökümət effektiv şəkildə “özü özünə nəzarət edəcək”.

d. Con Adams

Con Adams Amerikan Aydınlanmasına olduqca böyük töhfələ verən qurucu, dövlət xadimi, diplomat və prezidentdir. Siyasi yazılarından üçü xüsusi qeyd olunmalıdır: Kilsə Hüququ və Feodal Hüquq Haqqında Tezis (1776), M. Turqotun Hücumuna Qarşı ABŞ Höküməti Konstitusiyalarının Müdafiəsi (1787-1788) Davila Haqqında Disskurslar (1791). Tezis-də Adams Böyük Britaniyanı “ən böyük iki tiranlıq sistemi” olan kilsə hüququnu və feodal hüququ Şimali Amerika koloniyaları üzərində tətbiq etməyə qərar verdiyi üçün ittiham edir. Bu hüquq tətbiq olunandan sonra Şimali Amerika koloniyalarında seçkilər başa çatdı, ingilis təbəəsi qula çevrildi və inqilab qaçılmaz oldu. Müdafiə-də isə Adams respublikaçılığın qatı müdafiəsini təqdim edir.  Turqotun tək və mərkəzi höküməti müdafiə etməyinin əleyhinə çıxmaqda, konsolidasiya olunmuş dövlət iqtidarına qarşı sığorta və fərdi azadlıq dəstəyinin, hökümətin gücünün fərqli istiqamətlər arasında bölünməsini təmin edəcək güclər ayrılığı sisteminin vacibliyini qeyd edir. Bununla bərabər, xalqı onları azadlıqlarından məhrum etməyə çalışacaq “aristokratlara” qarşı müdafiə etmək üçün güclü icraedici orqana ehtiyac var. Aydınlanmanın mühafizəkarlıq mövzusunu meydana gətirən Adams, Diskurslar-da qeyri-məhdud xalq hakimiyyətini və ya ifrat demokratiya anlayışını tənqid etmişdir. İnsanlar həmişə fərdi güclərini və nüfuzlarını artırmaq arzusunda olduqlarından, nə qədər haqsız müqayisə aparmaqlarına baxmayaraq hökümət bu hərarətli meyilliliklərin təsirlərini məhdudlaşdıracaq şəkildə formalaşmalıdır. Adams bu barədə belə deyir: “Hökümətin təbiətin məhdudlaşdırmadığı ehtiraslarımızı məhdudlaşdırmaq məqsədi daşıdığını və hətta maraqları nəzarətdə saxlamaqda ağıl, vicdan və ədalətə dəstək verdiyini düşünün. Dövlətin dəstəyi olsa da, olmasa da bu  maraqlar eyni dərəcədə ədalətsiz və qarşısıalınmaz olacaq”.

4.  Müasir Araşdırmalar

Dünyəvi azadlıq disskurslarının ilham mənbəyi Con Lokk, İmmanuel Kant və Tomas Cefferson kimi Aydınlanma filosoflarıdır.

Buna baxmayaraq onlar multikulturalizm və plüralizmə gələndə, müasir liberal disskurslarla ziddiyyət təşkil edir. Bu aydınlanmaçıların hər biri dövlətin legitimliyini, insan təbiəti haqqındakı dünyəvi reallıqları əks etdirən rasional-əxlaqi siyasi sistem nəzəriyyəsinə əsaslandırmağa çalışmışdır. Məsələn: insanlar imtina olunmayacaq haqqların daşıyıcıları (Con Lokk), azad fərdlər (Kant) və ya bərabər varlıqlardır (Cefferson). Ancaq bir çox müasir liberal Aydınlanma liberalizmini, xüsusilə multikultural cəmiyyətlərdə vətəndaşların uyuşmayan və bərbər şəkildə məqbul dini, əxlaqi və fəlsəfi doktrinaları arasındakı fərqlilikləri qəbul və adaptasiya etmək cəhətdən uğursuzluğuna görə ittiham edir. Bu tənqidçilərə görə, Aydınlanma liberalizmi tərəfsiz platforma yaratmaq əvəzinə həqiqət, yüksək həyat standartı və insan təbiəti haqqında alternativ fikirlərlə rəqabət aparan güclü doktrina meydana gətirir. Aydınlanma liberalizminin qlobalizmi bu plüralist tənqidi Amerikanın qurucularının ümumdünya insan haqqları disskurslarını və onların dini tolerantlıq üzərindəki israrlarını bir-birinə uyğunlaşdırmasını çətinləşdirir. Amma daha əvvəl də qeyd etdiyimiz kimi, Börkün mühafizəkarlığının sübutu bu tənqidçilərin Amerikan Aydınlanmasında tənqid etdiyi güclü qlobalizmə alternativ təşkil edir.

Son vaxtlarda “Aydınlanma layihəsi” kimi təqdim olunan şey insan rasionallığının etik və insani məqsədlərə xidmət edə bilən olmağı və xidmət etməli olduğu fikridir. Əgər cəmiyyətlər həqiqətən əxlaqi inkişafa nail olmaq istəyirlərsə; çətin problemləri həll etmək proseslərində dar görüşlülük, doqma və  qərəz yerini elmə və ağıla verməlidir. Amerikan Aydınlanma layihəsi Amerikanın əsasən modern hesab olunan o dövr ərzində Aydınlanma ideallarını inkişaf etdirməkdə flaqman rolu oynadığını göstərir. Buna baxmayaraq, Amerikan Aydınlanma filosoflarının töhfələri arasında müxtəlif fikir ayrılıqları var. Məsələn, respublikaçı və ya liberal fikirlərin hansının daha üstün olduğu hələ də dəqiq deyil. J.G.A Pokokun  The Machiavellian Moment (1975) adlı əsərinin yayımlanmasına qədər əksər alimlər liberal (xüsusilə də Lokkçu) fikirlərin respublikaçı fikirlərlə müqayisədə daha üstün olduğunu düşünürdülər. Pokokun araşdırması liberal və respublikaçı fikirlərin XVIII əsr Aydınlanması dövründə həm Amerika, həm də Avropada  demək olar ki, eyni təsirə malik olduğu barədə əksəriyyətin qəbul etdiyi fikir yaratdı ki, bu da böyük dəyişikliyə səbəb oldu. Qordon Vud və Bernard Beylin isə Amerikan Aydınlanmasında respublikaçılığın əsas liberalizmin isə ikinci dərəcəli rol oynadığını iddia edirlər. İsaak Kramnik isə öz növbəsində Amerikan Aydınlanmasının ancaq Lokkçu və liberal olduğu barədə ordoksal mövqeyini müdafiə edir. O, Amerikan mədəniyyətinin ifrat fərdiyyəçi strukturunu belə izah edir.

Tərcümə: Şahlar Ruhi

Müəllif: Şeyn J.Rallston

Mənbə : Kualia

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.