Cümə, Aprel 19, 2024

BLOG

Albert Kamyu – Absurd həyatda Xoşbəxt Ölüm

Azadlıq və müstəqillik haqqında fikirlər yalnız hələ də ümidlə yaşayan insanda doğulur

Albert Kamyu “Qərbin vicdanı” adlandırılmasıyla bərabər, əsərlərin-də mənəvi-psixoloji prob-lemləri həssas, həyat qarşısında cavabdehlik duyğularını orijinal səpkidə təmin etməkdədir. Kamyu bənzərsiz ədiblərdəndi. Ona alternativlər qoymaq çətindir. Çünki, Kamyu birmənalı olaraq hansısa fikri, cərəyanı və ya
hansısa mövqeyi nə dəstəkləmir, nə tənqid atəşinə tutmur. Lakin bu vəziyyətə, neytral qalmaq adını da vermək olmaz. Müəllifdə cəlbedici nələrsə var sanki. Bu da, Kamyunun həyata motivəedici məna yükləməsi, yaşamı bütünlüyü – ağrısı, sevinci, şadlıq və qüssəsi ilə qəbul edərək, hər ötən gün yaşam sevincini azaltmamaq, əksinə, onu yüngülləşdirərək, daha da yaşanılası hala gətirmək qayəsindən doğur.

Kamyunun yaşadığı dönəm qarışıqlığı ilə seçilir; bir yanda elmi yeniliklər, digər yandan ictimai-siyasi həyatda dəyişikliklər-qanlı inqilablar, müharibələr. Bu qədər paradoksal bir zaman kəsimində Kamyu yaşadığı məhrumiyyətləri bir növ universal hala gətirir və daha çox əzilən insanların səsi halına çevirməyə çalışır.

İnsanı müdafiə edirəm, çünki, əzildiyini gördüm

Bərabərliyi marksizmdən deyil, həyatın özündən öyrəndim” – deyərək, Sartr kimi partiya üzvü olmadan da öz mübarizəsini aparır. Özünə “ekzistensialist” deyilməsini sevmirdi, çünki, bununla hansısa qəlibə çərçivələnəcəyini düşünürdü. Bununla belə, “mövcudluq” ruhu əsərlərində daha çox hakim fikirdir. Nobel nitqində də qayəsini açıqca ortaya qoyur: “Yaradıcı insanın yalnızca 2 vəzifəsi olmalıdır: Həqiqətə və Azadlığa xidmət etmək

Hətta çox vaxt absurdizmin nümayəndəsi olaraq göstərilsə də, bu Kamyuda bir cərəyan halda deyil, sadəcə Kamyunun həyatı incələməsiylə gəldiyi nəticədir; “Yaşasan da, ölsən də, absurdluqdan (mənasızlıqdan) qurtula bilməyəcəksən” (“Absurd və intihar” məqaləsindən). Kamyu, həyatı bir növ Sizifin əbədi olaraq daşımağa məhkum olduğu qayaya bənzədir. Daşın yuxarı qalxıb yenidən aşağı yuvarlanması bizim bugünkü yaşadığımız həyatdır. Sanki bir “qum saatı” və ya “mexaniki portağal“. Bu eyni zamanda bəşər tarixi, bütün insanlığın halıdır. Daş qalxır və enir: həyat yaşanır və bitir. Üstəgəl, bir çoxlarının melanxolik, bir məna tapa bilmədiyi həyat düşüncəsi Kamyunu daha çox narahat edir. Ona görə də, Kamyu, özünü çox yormamağı çıxış yolu olaraq təklif edir. Problem həll edilmək üçündür, həll edilmirsə, deməli çox baş sındırmağa dəyməz. Və Sizif’in yuvarlanan daşa baxarkən keçirdiyi hisslər daha önəmlidir; “Bizləri əsarət halına salan həqiqətlər, biz onları dərk etdikdə, çəkilib gedərlər… Zirvəyə doğru azacıq qələbə ümidi varsa, Sizifi bəxtiyar saymamağa haqqımız yoxdur“. Bu fikirlər “Xoşbəxt ölüm” əsəriylə oxşarlıq təşkil edir;

Azadlıq və xoşbəxtlik yalnız hələ də ümidlə yaşayan insanda yaranır“. Əsərdə Kamyu, bütün yaradıcılığı üçün ümumiləşdirmə edə bilinəcək fikir ortaya qoyur;

İnsanın həyatda tək bir məqsədi var: xoşbəxt olmaq. Qalan bütün şeylər; qadınlar, incəsənət, cəmiyyətdəki uğur yalnız bəhanədir“.

Baş qəhrəman Merso, ölümə yaxınlaşdıqca həyatı daha çox sevməyə başlayır. O, ölümü hiss edir. Yoxluğu duymağa çalışır. Duyduqca, içini daha çox sevmək, yaşamaq, yaşadığını hiss edə bilmək istəyi yaranır. Merso, ötən günləri və olacaqları düşündükcə, melanxoliya qarışıq bir həzin duyğu yaşayır. Fikrimcə, Kamyunun absurd, özü və ətrafına qarşı yadlaşmış qəhrəmanları Nitsşenin “Fövqəlinsan”ının məntiqi davamıdır. Nitsşedən fərqli olaraq, daha həlim və həzin şəkildə həqiqətin üzünə baxan.

Kamyunun Sizif’inə Nitsşenin “əbədi təkrarlanma” inancı kimi də baxmaq olar. Nitsşe bir yerdə deyir; “Əgər bir sarışın şeytan gəlib qulağına pıçıldasa ki, yaşadığın bu həyatı, bütün ağrı və sevincləriylə, yenidən və davamlı olaraq yaşayacaqsan, onda ona lənətmi oxuyardın, yoxsa,onu bir tanrı olaraqmı qəbul edərdin?“. Məhz bu iki seçim bizim həyatımızı yönləndirir. Nitsşe, Kamyu və digələrinin bir həyat düşünəri olaraq vəzifəsi, insandakı bu azadlıq istəyini, yaşam sevincini və seçim sərbəstliyini anlamaqda, fərqindəçi olmaqda bir vasitəçi olmaqdır. Bir düşünər yolu açır, amma, onu getməyi artıq sənin öz ixtiyarına buraxır. Bu, yəqin ki, seçim azadlığı və insani dəstəyin bariz nümunəsidir.

Kamyu, əsərlərində ifadə etdiyi fikirlərlə bizləri bir çox məqamda oyandırır sanki;

Xoşbəxtliyi təklikdə yaşamaq qəbahətdir”.

Fırtına hər nə qədər güclü olursa-olsun, qağayı sevdiyi dənizdən heç vaxt imtina etməz.

Sevilməmək uğursuzluq ola bilər, sevməməksə bədbəxtliyin özüdür” – Bu sözlər, həmçinin, ideal hesab etdiyin, sevdiyin şeylər uğruna mübarizəyə motivə edici təsir göstərir. “Sizif haqqında mif“dən belə bir nümunə;

Kölgəsiz günəş yoxdur, gecəni də tanımaq lazım” – bu sitat, bütün həyat çətinliklərinə sinə gərmək gücündə ola biləcəyimizə işarə edir. Amma, Kamyu, uğrunda vuruşduğumuz idealların bir başqasının həyatına mane olmağının da əleyhinədir; “Uğrunda ölünəcək çox ideyalar var, amma, heç biri uğrunda öldürməyə dəyməz“, “Bir ölkəni tanımaq istəyirsinizsə, orada insanların necə öldüyünə baxın“. Bu fikirlərlə, bir növ, avtoritar siyasi rejimlərin də iç üzünü açmış olur. Qeyd edək ki, Kamyu da öz həyatını bu cür ideallar uğruna fəda edən insanlardan olmuşdur. “Şepilov qırğını” adı verilən ölüm hadisəsi, ətrafında mübahisə ediləcək bir mövzu olmuşdur.

(Kamyunun avtomobil qəzasında həlak olması hadisəsinin SSRİ daxili işlər naziri Dmitri Şepilovun əmri ilə baş verdiyi iddia edilir. Səbəb kimi, Kamyunun 1956-cı il macar üsyanları və anti-totalitar yazıçı Boris Pasternaka haqq verməsi, ideoloji dəstək olması göstərilir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz)

Kamyu əsərlərində daha çox insanlararası münasibətləri diqqət mərkəzinə gətirir. “Çöküş”dən gətirilən bu fikir maraqlıdır: “Qiyamət gününü gözləməyin, insanlar arasında o, hər gün baş verməkdədir“. Ölümlü bu həyatda bizim vəzifəmiz maddi ölümü mənəvi ölümə çevirmək olmamalıdır, əksinə, yaşatmaq və yaşadığımızı hiss edərək həyatlarımızı yaxşılaşdırmaq, onu gözəlləşdirilə biləcək hala gətirməkdir.

Kamyu, bir yaradıcı insan olaraq ictimai həyatda da fəal olmuşdur. Əlcəzairin müstəqillik hərəkatı dönəmində əlcəzairli tələbələrlə görüşərkən, baş verən hadisələr haqqında ona ünvanlanmış sualların birinə “Mən Anamı müdafiə edəcəyəm” deyə cavab verir. Bu fikir, sonralar kontekstdən çıxarılaraq yanlış anlamda tirajlanır. Əslindəsə, müəllif burada “Ana” deyərkən məhz Vətəni Əlcəzairi nəzərdə tutmuşdur (Əlcəzairin yerli dialektlərinin birində “Ana” və “Vətən” sözləri eyni mənaya gəlir)

Kamyu, bütün əsərlərində ana xətt olaraq insanı yaşamağa çağırışlar edir. “Bütün baxışlara görə həyat bir şəkildə davam edəcək: Fəlsəfi intihar absurdu sazlamaq üçün bir cəhddən ibarətdir“. “Yad”, “Taun”, “Kaliqula” əsərləri də, demək olar, bu səpkidədir. “Kaliqula” əsəri dəhşətli epiqrafla başlayır: “İnsanlar ölür və onlar xoşbəxt deyillər” (“İnsanlar xoşbəxt deyil və ölürlər” yox!) Kaliqula “mümkünsüzlüyü” – Ay-ı (əbədi həyatı) əldə etmək istəyir. Maraqlıdır ki, burada xoşbəxtliyinə vasitə kimi bacısına olan sevgisi obrazlaşdırılıb. Kaliqulanın əldə etmək istədiyi mümkünsüzlük – əbədi həyatdır. O, öləcəyini bilir və bunu qəbullanmaq, həyatı sevərək yaşamaqdansa, onu günahlandırır, özünü bədbəxt, həyatı isə mənasız hesab edir. Bu, bəlkə də, Kamyunun əsərlərinin ana xəttini təşkil edən problemdir.

Kamyu “həyatı sevmək” deyərkən onu olduğu kimi, dəyişməz olaraq qəbul etməyimizə də haqq vermir. “Taun” da “Uşaqlara əziyyət verən qeyri-müəyyənliyə heç vaxt haqq qazandırmayacağam” deyərək, hər şeyi mistik “ilahi ədalətə” buraxan keşiş Paneluya etiraz edir. “Taun”u faşizm və müharibəyə bənzədərək ona qarşı etiraz səsini ucaldır. Bu, sanki, Ç. Aytmatovun “Ana torpaq” əsərindəki “İnsanlar müharibəni dayandıra bilər və dayandırmalıdır” fikrilə oxşarlıq təşkil edir. “Çöküş” əsərində “pasifist” olan bir qocanın “hər kəsə açıqdır” yazılı bir evi olduğu nəql edilir. Bəs həmin evə ilk kimlər təşrif buyurur? – Faşistlər…

Kamyu, insanın  üsyankar olmasını vurğulayır. İnsanı qəlibə salmaq olmaz.

Yaradıcılıq və üsyankarlıq son insanla birlikdə öləcəkdir” (“Başqaldıran insan” əsərindən)

Bu, ümumiyyətlə, 20-ci əsr Qərb mədəniyyətində deqradasiya, yaranan nihilizmin əsas səbəblərindəndir. Artıq yeni, öz yolunu seçmiş fərdlər köhnə dəyərlərini itirib (Tanrı ölüb = həyat mənasızlaşıb). Burada artıq insan özünə yeni dəyər yaratmalıdır. Bu, Sartrın da dediyi kimi “İnsan özünü nə etmişsə, odur” və ya çox bilinən “İnsan azadlığa məhkumdur” deyimilə, mövculduğumuzu var etmə məsuliyyətini, öz əxlaqi dəyərlərimizi və etdiklərimizin cavadehliyini özümüzün yaratmamıza məcbur olduğumuz deməkdir. Bu, ilk baxışda ağır gəlsə də, insanı mübarizəyə, güclü olmağa sövq edir. Həyata verilən mənanı tapmaq bəzən yorucu və mümkünsüz olur. Bu zaman Kamyu orijinallığı meydana çıxır; həyatı ilk olaraq olduğu kimi, çılpaqlığı ilə qəbul et, daha sonra ona üsyan et (başqaldırıcılıq – Sizifin yenidən daşı yuxarı qaldırması) Demək ki, Kamyuya görə, ən böyük üsyankarlıq yaşamağa davam etməkdir, sonlandırmaq (intihar) deyil.

Beləliklə, Kamyu bizə daha çox düşünmək, nəticə çıxarmaq üçün həyat materialları verir. Həyatdakı mənanı isə özümüzün tapmağımızı, həyatı özümüzün azad iradə ilə yaşayıb, həyatı sevməyimizi istəyir. Kamyu, burada sadəcə bir vasitəçi, sanki, yaradıcıdır. O, yol göstərmir, insana “yolu özün tapmalı və getməlisən” deyir, sanki.

Yazıya yekun vurmazdan öncə, son olaraq, Kamyuyla eyni dönəmdə yaşamış psixoanalitik Erix Frommun da sevdiyim cümləsi kimi: “Dərin və ehtiraslı sev. Qəlbin qırıla bilər, ancaq, bu, həyatı doyunca yaşamağın tək yoludur“.

  1. S. “Xoşbəxt ölüm” əsərindən seçilmiş cümlələr:

Sevmək, əzab çəkmək elə əsl həyatı yaşamaqdır…

İnsan insanın gücünü azaldır. Dünya onu bərkidir

Kim ki, həyata tam etibar edir, istər-istəməz həyat da ona eyni cavabı verir

Ölümün mənası elə büyün həyatın mənası nədədirsə, ondadır…

Xoşbəxtlik kifayət qədər insani idi, əbədiyyət isə adi, gündəlik. Əsası o idi ki, barışasan, ürəyini günlərin ritminə tabe edəsən, daha bu ritmi insan ruhunun çapalamalarına uyğunlaşdırmayasan.

Həyatı sevmək – geriyə baxmadan, axırını düşünmədən yaşamaqdır. Qadınları, ölkələri dəyişmək, macəralara can atmaqdır. Bir sözlə fəaliyyətdə olmaq, nəyisə dəf etməkdir…

Yalnız bu gün tənhalıq onunçün tamam real oldu, çünki o, nəhayət, başa düşdü ki, tənhalıqdan heç yerə qaça bilməyəcək. Və bu tənhalıq qarşısındakı itaəti, gələcək günlərinin tam sahibi olduğunu dərk etməsi, onun qəlbini əsl əzəmətdən seçilməyən melanxoliya ilə doldururdu

Həyatında ilk dəfə özünü təkcə bir reallığa bağlı hiss edirdi: bu risk etməyə meyil, gücü ehtirası, özünün dünya ilə doğmalığının instinktiv dərki idi. Özündə qəzəb və nifrətə qalib gəldiyindən artıq peşmançılıq nə olduğunu bilmirdi… Qayadan aralanmayaraq, ümid və ümidsizlikdən toxunmuş lal bir heyranlıqla yaşayan Merso hiss edirdi ki, xoşbəxtliyindən göz yaşına qədər olan məsafə necə də azdır. Hər şeyə diqqətli və hər şeyə yad, ehtirasdan yanan və tamamilə təmkinli Merso dərk edirdi ki, burada onun həyat və taleyinin özü sona çatır və indi bircə şey qalır: bu xoşbəxtliyə isinişmək, onun dəhşətli həqiqətini göz-göz qarşılamaq…

Ən başlıcası, fikir aydınlığını saxlamaqdır. “Cəhd etmək lazımdır”, – deyə fikrindən keçirtdi və birdən xatırladı ki, mətbəxdə qazı bağlamayıb. “Cəhd etmək lazımdır”. Ancaq burada da xeyli səy göstərmədən keçinə bilməzsən. Həyatda heç nə elə-belə baş tutmur, hər şeyi fəth eləmək lazım gəlir. O, yumruğunu pəncərə altına çırpdı. Heç kim güclü və ya zəif, iradəli və ya iradəsiz doğulmur. Gücü də, şüur aydınlığını da əzab və əziyyətlə əldə etməlisən. Tale insanın içində deyil, onun ətrafında dolanır…

Merso ölümün üzünə baxan Zaqreyin təmkinini yada salarkən onun timsalında öz həyatının gizli və amansız obrazını anırdı. Bu dərk etməyə qızdırma, bir də ki, onun son ana qədər huşu başında olacağına və ölümü açıq gözlə qarşılayacağına olan coşqun əminliyi kömək edirdi. O uzaq gün Zaqreyin də gözləri açıq idi və bu gözlər yaşla dolurdu. Ancaq o, həyatdan istədiyini ala bilməyən insanın son zəifliyi idi. Patrisin isə bu zəiflikdən qorxusu yox idi. Qanının sanki bədənindən qopmağa can atan dəli təkanlarına diqqət kəsilən Patris bilirdi ki, bu bəla ondan yan keçəcək. Çünki ona ayrılmış rolu oynayıb başa çatdırmışdı, insanın yeganə əsl vəzifəsini – xoşbəxt olmağı yerinə yetirmişdi. Doğrudur, onun xoşbəxtliyi uzun çəkmədi. Ancaq bəyəm məsələ vaxtdadır? O, ancaq xoşbəxtliyə bir əngəl ola bilər, qalan şeylərdəsə onu nızərə almamaq da olar. Merso bu əngəli keçə bildi, ondan törənmiş yeni və xoşbəxt varlığın nə qədər mövcud olması – iki il və ya iyirmi il – vacib deyil. Xoşbəxtlik ondan ibarətdi idi ki, o bu varlığa həyat vermişdi.

Hələ bir az əvvəl o, ölümə heyvani bir qorxuyla baxırdı, amma indi başa düşdü ki, ondan qorxmaq – həyatdan qorxmaq deməkdir. Ölüm qorxusunu yalnız insanda canlı nə varsa, hamısına hüdudsuz bağlılıqla izah etmək olar. Həyatını yeni bir yüksəkliyə qaldırmaq üçün hərəkət etməyi qət etməyən, öz zəifliyindən ağciyərliklə ləzzət alanlar son anda onların boş-boşuna yaşadıqları həyata görə çıxarılan hökmü anıb, ölümdən qorxmaya bilməzlər. Belələri heç vaxt tam gücü ilə yaşamayıblar, bir də ki, onlar ümumiyyətlə, yaşayıblarmı? Ölüm, yaşadıqları müddətdə susuzluqlarını yatıra bilməyən yolçuları həyatverici içkidən həmişəlik məhrum edir. Başqaları üçünsə ölüm, onların mövcudluğunu inkar və məhv edən, ancaq itaəti də, qiyamı da eyni cür qəbul edən faciəli və çox xoş bir hadiyəsə çevrilir.

– İnan, böyük dərd, böyük tövbə, pozulmaz xatirələr adlı şey mövcud deyil. Hər şey unudulur, hətta böyük məhəbbət belə. Bu çox kədərlidir, ancaq eyni zamanda təskinlikvericidir. Yalnız şeylərə qarşı şəraitin bizə vaxtaşırı bəxş etdiyi müəyyən bir nəzər nöqtəsi var. Bax buna görə məhz həyatda heç olmasa bir dəfə böyük ehtiras, bədbəxt məhəbbət hissini yaşamaq daha yaxşıdır. Bizim hamımızı üzən səbəbsiz ümidsizliyi yeganə doğruldan budur.

…Və birdən-birə ona çatdı ki, Marta həmişə ona yaxşı münasibət bəsləyib. Onu olduğu kimi qəbul edib, müəyyən bir dərəcədə onu tənhalıqdan azad etmişdi. O isə Martaya qarşı ədalətli olmamışdı. Təsəvvür və şöhrətpərəstliyinin təsiri altında ona artıq qiymət verdiyi halda, məğrurluğu imkan vermirdi ki, onu layiqincə dəyərləndirsin. Sevdiklərimizlə bağlı bizi iki dəfə aldanmağa məcburedən amansız bir paradoksu o yalnız indi başa düşdü: əvvəl ucaldırıq, sonra yerə vururuq. O başa düşdü ki, Marta özünü onunla tamamilə təbii aparıb, necə var idisə, o cür olub və elə bircə buna görə o, Martaya minnətdar olmalıdır.

… Martanın üzünə baxarkən hiss etdi ki, içində onun aydın ifadə edə bilmədiyi, başqa bir vaxtsa nə isə məhəbbətə oxşar bir şey kimi qəbul edə biləcəyi hansısa gözyaşardan minnətdarlıq hissi baş qaldırır…

…Bilirsənmi, başlıcası, xoşbəxtliyə yönəlmiş iradədir, onun daima və gərgin dərk olunmasıdır. Qalan bütün şeylər – qadınlar, incəsənət, cəmiyyətdə uğur yalnız bəhanədir…

Sahildə sərv ağacları arasında yetimcəsinə daldalanan kiçik evi xatırladı – onun gözü qarşısında gözəlliyi və xoşbəxtliyi sanki ümidsizlikdən, ötəri əbədiliyin qırıntılarından toxunmuş həyat mənzərəsi canlanırdı. Bax məhz bundan heç ayrılmaq istəməzdi! Yəni o olmasa da həyat öz axarıyla gedəcəkdi?

Yazıya uyğun budəfəki musiqi və film tövsiyyəmiz:       

Yaşamla ölüm arasındakı o incə cizgini, yaşamı, yaşamağın necə gözəl və nostaljiverici bir nəsnə olduğunu hiss etmək…

“Ölümlər çılpaq gələr…” (Düş sokağı sakinleri)

Xəstəlik məni bu dünyadan aldı və geri dönmək üçün döyüşürəm. 30 il döyüşdüm və davam edirəm. Sənsə, fərdiliyə malik biri deyilsən. Heç bir şeyin yoxdur. Tənha və qorxaqsan. Həyatında heç bir şey yoxdur. Əsl yuxuda olan sənsən… İnsan ruhu bütün dərmanlardan daha güclüdür. Qorunması vacib olan da budur. Önəmli olan bunlar idi; Çalışmaq, dostluq, əyləncə, ailə. Unutduğumuz şeylər. Ən bəsit şeylər… ” – Awakenings (Oyanmışlar) filmindən. Real hadisələr əsasında lentə alınan filmdə baş rolları Robin Uilyams və Robert de Niro oynayır

əllif: Eyvaz Usubov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir