Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Alain Badiou – “Xeyirin və şərin o bir üzü”

 Christoph Cox, Molly Whalen tərəfindəCabinet dərgisi 2001-2002(qış) nəşri üçün Alain Badiou ilə müsahibədən tərcümə edilmiş hissələr.  

Şər anlayışının altında yatan əsas sual budur:  Xeyir nədir? Mənim fəlsəfəm ən çox bu suala cavab vermək fəaliyyətinin nəticəsidir. Mən xeyiri (çoxu zaman) “həqiqətlər” olaraq
adlandırıram, bunun qarışıq səbəbləri vardır. Bir həqiqət konkret bir prosesdir. Bir qarşılaşma nəticəsində, əlbəttə ki, ümumi bir üsyan və ya təəccübləndirici bir kəşfdən sonra yaşanana böyük bir alt-üstolma ilə başlayan, bu formada təcrübədən keçirilən dəyişikliyə sadiq qalınmaqla inkişaf edən bir prosesdir. Bir həqiqətən eyni zamanda həm yeni, həm də universal olan bir şeyin subyektiv inkişafıdır. Burada yeni dediyimiz, kainatın nizamında əvvəlcədən müəyyən oluna bilməyən şeydir. Universal olan isə, hər insan fərdinin sırf insan olması etibarilə (mən bunu insan növü adlandırıram) maraqlanlandıracaq bir şeydir. Tez-tez təkrarladığım bir söz vardır. Bir həqiqətin “militanı” olmaq gərəklidir. Egoizmin insanı bir həqiqətdən uzqlaşdırdığı hər yerdə şər vardır.

Deməli şər anlayışını bir cümlə ilə ifadə edə bilərik. Fərdi mənafelərin təzyiqi ilə həqiqətin fəaliyyətinin dayandırılmasıdır. Əlbəttə ki, insan hər şeyə “qadirdir”, hər insan.. Bir də baxırsınız ki, yaxşı dediyiniz insanlar çevrilib işgəncə tərəfdarı biri olub, ya da sülhsevər vətəndaşlar adi səbəblərdən dolayı digər insanlara qarşı şiddətdən istifadə edirlər. Bunu hər yerdə görürsünüz. Burada qəribə bir tərəf yoxdur. Bunlar sadəcə olaraq bizə insan növünün öz dəyərsiz mənafələrinin təsiri altında bir heyvan növü olduğunu xatırladır. Ki, eyni zamanda kapitalist qazanc dediyimiz şey də bunun sadəcə rəsmiyyət qazandırılmış halıdır.

Əslində burda iki geniş yayılmış əxlaq anlayışı (dolayısı ilə iki xeyir və şey ayrımı) ortaya çıxır. Russoya əsaslanan “təbii” əxlaq anlayışı və Kanta əsaslanan “formal” əxlaq anlayışı.

  1. Təbii əxlaq vardır, yəni hər insanın pis olduğunu bildiyi şeylər vardır. Dolayısı ilə, insan növü daxilində hamı tərəfindən pis olduğu bilinən bir şeylər vardır. Bunun örnəyi kimi işgəncəni göstərə bilərik.
  2. Formal olaraq bir əxlaq vardır. Bütün fərdi və istisnai vəziyyətləri aşan universal bir məsuliyyət, borc vardır. Dolayısı ilə Şərtlərdən müstəqil sürətdə var olan universal bir şər anlayışı da vardır. Buna verə biləcəyimiz örnək insanın bir subyekt olmaq məsuliyyəti, borcu, özünün təməl heyvani tərəflərini aşmaq məsuliyyətidir. Tam mənası ilə ifadə edəcək olsaq, insan kimi subyekt olmağı rədd etmək şərdir, pisdir.

Təbii ki, mən bu anlayışların hər ikisinə də tamamilə qarşıyam. Mən insan adlanan heyvanın təbii vəziyyətinin xeyir və şərlə heç bir əlaqəsinin olmadığını müdafiə edirəm. Kantın imperativlərində bəhs etdiyi o formal əxlaqi borcun da gerçəklikdə mövcud olmadığını müdafiə edirəm. İşgəncə örnəyini nəzərdən keçirək, məsələn. Roma imperatorluğu kimi inkişaf etmiş bir svilizasiyada belə işgəncə pis adlandırılması bir yana, olduqca xoş qarşılanan və sevərək izlənilən bir tamaşa idi. Arenalarda insanlar şirlər tərəfindən yeyilir, diri-diri yandırılır, izləyicilər bir-birinin boğazını kəsən qladiatorları sevincə izləyirdilər. Öz ölkəmin, Fransanın silahlı qüvvələri Əl-Cəzair müharibəsi zamanı hökümətlərinin və ictimaiyyətin böyük qisminin razılığı isə bütün əsirlərə işgəncə verirdi. İşgəncənin rədd edilməsi qəti şəkildə təbii bir şey deyildir, tarixi və mədəni bir fenomendir. İnsan növü ümumilikdə mərhəmətdə olduğu kimi amansızlığa da meyllidir. Hər ikisi də eyni ölçüdə təbiidir və hər ikisinin də xeyir və şər ilə yaxından uzadan əlaqəsi yoxdur. Amansızlığın gərəkli və faydalı olduğu vəziyyətləri hər birimiz bilirik. Digər tərəfdən də mərhəmətin də başqalarını alçaltmağa bərabər olduğu vəziyyətlər vardır. İnsan növü daxilində şər anlayışın təməlləndirəcəyiniz heç bir şey tapa bilməzsiniz, daha önəmlisi bu yaxşılıq və xeyir anlayışları üçün də keçərlidir.

Subyekt olma imkanı bizə bağlı deyildir, daimi olaraq istisnai vəziyyətlərlə bağlı olaraq meydana gələn şeylərlə əlaqəlidir. Məsələn, Fransanın Nasistlər tərəfindən işğal edildiyi dönəmdə Müqavimət hərəkatına qatılmışamsa, yazılmaqda olan bir tarixin subyektinə çevrilmişəm deməkdir. Bu subyektə çevrilmə prosesi içərisində nəyin pis olduğunu müəyyən edə bilərəm, yoldaşlarıma xəyanət etmək, nasistlərlə əlaqə yaratmaq və s. Alışmış olduğumuz normalardan kənarda nəyin yaxşı olduğuna da qərar verə bilərəm. Yazıçı Magrit Duras nasistlərə qaşı müqavimətin şərtləndirdiyi səbəblər etibarilə xainlərə qarşı işgəncə fəaliyyətləinə daxil olduğunu qeyd edir. Xeyir və şər anlayışları, tamamilə yaranmaqda olan (olmaqda olan) subyektin daxilində ortaya çıxır və bu yaranma ilə bağlı olaraq da dəyişilir.

Xülasə, təbii olaraq bir şər haqqında danışmaq mümkün deyildir. Şər daima müəyyən bir vəziyyətdə bir subyekti zəiflətmə və yox etmək meylində olan bir şeydir. Dolayısı ilə də şər anlayışı bir subyektin tamamilə özünü formalaşdırdığı vəziyyətlərlə bağlıdır. Şərin nə olduğunu müəyyən edən şey subyektin özüdür. Yoxsa ki, “əxlaqlı” bir subyektin necə olduğunu müəyyən edən bir universal bir şər anlayışı yoxdur. Şəri negativ formada da olsa, ifadə etməkdə, tərifləndirməkdə çıxış nöqtəsi kimi qəbul edəcəyimiz heç bir formal əmr yoxdur.

“Başqasına hörmət” prinsipinin  xeyir və şərlə bağlı tərifləndirmə ilə yaxından uzaqdan əlaqəsi olmadığını xüsusilə qeyd etmək istəyirəm. Bir düşməninizlə müharibədəsinizsə, başqa birisi səbəbi ilə zalımca tərk edilmisinizsə, bacarıqsız bir sənətkarın əsəri haqqında qərar verməniz gərəklidirsə, xurafatçı təriqətlər elmin inkişafına əngəl olmağa çalışırsa, “başqasına hörmət” nə mənaya gəlir ki? Bir çox vəziyətdə ən böyük pisliyi edən, başqasına daha çox zərər vuran məhz həmin bu “başqasına hörmət”-dir. Hələ də subyektiv baxımdan ədalətli olan fəaliyəti başqalarına qarşı müqavimət, hətta başqalarına qarşı nifrət olduğu vəziyyətləri demirəm. Şərin nə olduğu sualının bir subyekt üçün soruşula bildiyi vəziyyətlər də hər zaman bu cür anlarda ortaya çıxır: Şiddətli toqquşmalar, zalım dəyişikliklər, ehtiraslı məhəbbətlər, incəsənət fəaliyətləri. Şər nə mahiyyət, nə də qanun olaraq vardır. Şər həqiqi olanın istisnaya çevrilmə prosesində var olur və çeşidlənir.

Mənim təklif etdiyim həqiqətlər etikası mücərrəd bir doğru və ya fövqəladə dərəcədə şər yerinə, konkret vəziyyətlərlə maraqlanır. Siyasətdə şəri görmək çox asandır. Həyat, zənginlik,  güc baxımından mütləq bərabərsizlik pisdir, yaxşı olan isə bərabərlikdir. Bütün insanlığın su və qida, məktəb və tibbi ehtiyaclarının qarşılanması üçün lazım olan məbləğin Qərb ölkələrinin bir illik ətir xərcinə bərabər olması gerçəyini nə qədər qəbul edə bilərik. Məsələ bir insan haqları, ya da əxlaq məsələsi deyil. Məsələ, bütün insanların bərabərliyi uğrunda şəxsi və ya milli qazanc qanununa qarşı verilən əsas mübarizədir.

İncəsənət sahəsində yaxşı olan  dünyanın mənasını ifadə edən yeni formaların kəşfidir. Elmdə yaxşı olan azad düşüncənin cəsarəti, saf bilginin sevincidir. Məhəbbətdə yaxşı olan fərqliliyin gerçəklikdə nə olduğu, bir ikən ikiyə çevrildikdə bir dünya inşa etmənin nə demək olduğunu anlamaqdır. Akademik tədqiqatlar və “mədəni” ticarət: kapitalist qazancın xidmətindəki bilik, sırf bir həzz texnikası olaraq nəzərdən keçirilən cinsəllik. Bunlar isə pisdir. Təkrar edirəm: Bu təcrübələri bütün dünya paylaşmaqdadır. Həqiqət etikası müəyən şərtlər daxilində, daimi olaraq həqiqətin yerinə dörd təməl şər formasına qarşı mübarizəyə çevirilir: xurafata qarşı olan düşmənlik, ticari akademizm, qazanc və bərabərsizlik siyasəti,  cinsi barbarlıq

Tərcümə: Araz Əliyev

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.