Çərşənbə, Dekabr 08, 2021

ENSİKLOPEDİYA

Fales: Həyatı və fəlsəfəsi

Ənənəvi olaraq Yunan fəlsəfəsinin qurucu atası hesab olunan Fales (e.ə 625-545)-dən sadəcə olaraq iki fikir günümüzə qədər gəlib çatmışdır. Bunlardan biri: “Hər yer tanrılarla doludur”, digəri isə: “Hər şeyin başlanğıcı sudur” ifadələridir. Fales eyni zamanda düz bucaqlı üçbucağın dairə içərisində yerini müəyyən etmək metodunu tapmış geometriyaçı idi və bu kəşfini Tanrılara öküz qurban edərək qeyd etmişdi. O, eyni zamanda piramidaların hündürlüklərini onların kölgələrində istifadə edərək ölçmüş, günəş tutulmalarını əvvəlcədən müəyyən etmiş olan Falesin günəş təqviminin 365 gün olduğunu və yaz və qış gündönümlərinin vaxtlarını müəyyən edən ilk şəxs olduğu hesab edilir. İrəlidə baş verəcək zeytun bolluğunu daha əvvəlcədən müəyyən edərək bütün zeytun dəyirmanlarını ucuz qiymətə kirayələmiş və bunun nəticəsində də çoxlu var dövlət qazanmışdı. Bu səbəblə Aristotel Falesin timsalında filosofların istərlərsə zəngin ola biləcəklərini qeyd edir.

Fales haqqında Platon özünün Taetetus adlı dialogunda (174a) onun ulduzlu səmanı araşdırdığını və diqqətlə göy üzünü izlədiyini və bir gün yolla gedərkən, ulduzlara baxdığı üçün yolda açılmış çuxura düşdüyünü qeyd edir. Bu zaman yaxınlıqda olan Tarkiyalı xidmətçi qız Falesi burnunun ucunda olanı görməyib göylərə baxmağa çalışan dəli olduğunu deyir. (1, səh 26-27)

Aristotelin zamanından bəri bütün yunan fəlsəfə tarixi qeydləri Faleslə başlayır. Onunla birlikdə dünyada Qərb elmi – ümumiyyətlə biliyin xidmət edəcəyi hər hansı praktiki məqsəd üçün deyil, məhz biliyin özü üçün əldə edilməsi mənasında ifadə edilən elm – ortaya çıxmış olur. Fales Şərqə səfərləri zamanı Misirlilərin əraziləri ölçmək üçün bir sıra kobud metodlara sahib olduğuna şahid olmuşdu. Fales Misirlilərin torpaq ölçmək üçün istifadə etdiyi bu metodu müxtəlif sahələrdə istifadə oluna bilmək üçün ümuiləşdirməyə ehtiyac olduğunu düşünmüşdü. Beləliklə, Fales ərazi ölçmək metodunu geomeriya elminə çevirmiş oldu. Falesin geometrik kəşflərindən biri də bərabərtərfəli üçbucağın oturacağına bitişik bucaqların ölçüləri bərabər olmasıdır. (2, səh, 13-14)

Fales eyni zamanda həm tacir həm də elm adamı idi. İlk çağ Yunanıstanın da “Yeddi müdrik”-dən biri idi. 28 may 585-ci ildəki Günəş tutulmasını əvvəlcədən müəyyən etmişdi. Miletli Fales dünyanın təməl ünsürünün su olduğunu qeyd edirdi. Aristotelin fikrincə, onun bu fikri müşahidələrinə əsaslanırdı. Hər varlıq, yəni hər bitki yaş substansiyalarla bəslənir, hər şeyin ya toxumu ya da filizi yaşdır və nəmə ehtiyacı vardır. Nəhayət su donub bərkiyərək, ya da buxarlaşaraq hər şeyi yaradır, torpaq belə suyun ya yatağı ya da toplandığı yerdir. Fales maddəni (hyle) onun içərisində var olan və onu canlandıran bir qüvvə ilə (zoe) birlikdə qəbul edirdi. Ona görə də ilk materialistlərin fəlsəfəsinə hylozoizm deyilir. Bu fəlsəfədə hərəkət edən hərəkət etdiriləndən ayrılmamışdır hələ. Fales “hər şey tanrılarla doludur” fikri də maddəyə yalnız maddənin özü tərəfindən can veriləcəyi fikrinə əsaslanır. Hərəkətin səbəbi də xarici təsir deyil, birbaşa maddənin içərisindədir. (3, səh 14, 16-17)

Falesin atası Eksamyas, anası Kleobuna isə Finikiyalı Thelidlər nəslindən olan xanım idi. Rəvayətlərə görə Fales Finikiyada doğulmuş və Neilos adlı biri ilə birlikdə burdan sürgün edilmiş, Milet vətəndaşlığına qəbul edilmişdi. Bəzi mənbələr də onun Finikiyada doğulduğunu qeyd edir. İlk öncə siyasətlə məşğul olmağa çalışmış, daha sonra isə təbiəti araşdırmağa yönəlmişdi. Kallimaxos onu Kiçik ayı bürcünün ilk kəşf edən şəxsi olaraq adlandırır.(5)

Falesin şəxsi və həyatı ilə bağlı məlumatlar əsasən fraqmentlər şəklində gəlib çatmışdır bizə. Yaşadığı illər Antik dünya tarixçisi Apollodora görə doğum və ölüm tarixləri (e.ə 624-546), atasının adı Hexamyes Karyalıdır, lakin anası dəqiqliklə nüfuzlu yunan ailəsindən gəlməkdədir. Digər müəlliflərin qeyd etdiyi kimi zeytun ağacından gəlirlər əldə etməsi, səmanı izləyərkən çuxura düşməsi ilə yanaşı Krezin ordularının irəliləməsinin qarşısını almaq üçün çay yatağını dəyişdirməsi ilə xatırlanır. (4, səh 60)

Aristotel Falesin fəlsəfi fikirlərini təbiət fəlsəfəsinin başlanğıcı kimi qəbul edirdi. Hələ Aristotelin zamanında Falesin təlimi ilə bağlı heç bir mənbə qalmamışdı. Sadəcə riyaziyyat sahəsində ciddi məktəb ənənəsinin qaldığı məlum olur. Kranz da əsərində Falesin soy ağacı haqqında sağlam fikirlərin olmamasına rəğmən onun atasının Finikiyadan olması ehtimalını səsləndirir. Fales öz fikirlərində hər şeyin təməl maddəsinin su olduğunu qeyd edir, ona görə suyun içərisində ilahi yaratma gücü, iki maqnitin bir-birini çəkdiyi qüvvə kimi həyat gücü var olduğunu qeyd edir. Onun fikrincə dünyada hər şeyin içərisi tanrılarla doludur və ilahi olmayan heç bir şey yoxdur. Bu canlı və ruhlu maddə təlimi monizmin özüdür. Fales maqnitin dəmiri çəkdiyi üçün canlı olduğunu düşünürdü. Zəlzələlərin yerin üzdüyü suyun dalğalanması ilə izah edirdi. Bəzi mənbələr Falesi ilk astronom olaraq nəzərdən keçirir. (6, səh 27-29)

Fales haqqında günümüzə çatan məlumatlar birbaşa olaraq yox, ikinci mənbədən əldə edilən məlumatlardır. Çox vaxt tarixdə “Nautical Astrology” adlı kitab yanlışlıqla Falesə aid edilirdi. Falesə görə, suyun hər şeyin təməlində yer alması onun həyati əhəmiyyəti ilə bağlıdır, çünki hər şey böyümək və var olmaq üçün suya ehtiyac duyur. Eyni zamanda Fales Qədim Yunan əfsanələri olan Oceanos və Tethis kimi əfsanələrdən də yararlanmış ola bilər. Bu düçüncə eyni zamanda Yunan fəlsəfəsinin Qədim Yunan dinindən ortaya çıxdığı görüşünə əsaslanmaqdadır. Falesə görə suyun müxtəlif şəkil dəyişmələri insanların gözləri önündə baş verirdi. Günəş işıqları sayəsində suyun buxarlanmasını suyun oda çevrilməsi kimi, yağan yağışın torpaq tərəfindən udulması isə suyun torpağa çevrilməsi kimi qəbul olunurdu. lakin Fales hər şeyin necə olub sudan gəldiyini tam olaraq izah eləmir. Onun fikrincə bir maddənin digərinə çevrilməsi təcrübə ilə qəbul etmək olardı. Bunun nəticəsində də əslində çevrilmənin necə baş verməsi onun üçün önəmli deyildi. Fales hər eyin sudan yarandığı kimi, yenidən sonda suya qayıdacağın da qeyd edirdi. Aristotel sayəsində bir Falesin 3 əsas fikri ilə tanış olmuşuq: “Hər yer tanrılarla doludur”, “Dünya su üstündə üzən düz diskdir”, “Hər şeyin ilkin səbəbi sudur”. (7. səh 37-38)

Anthony Kenny, Antic Philosophy, 2005.

Francis MacDonald Confort, “Sokratdan əvvəl ve sonra”, 2003.

Georges Cogniot, “İlk çağ metarializmi”,1992.

Vilhelm Capelle, “Sokratdan əvvəlki fəlsəfə”, (I), 1968.

Diogenes Laertius, “Məşhur filosofların həyatları və təlimləri”, 1964.

Walter Kranz, “Antik fəlsəfə”, 1984.

Frank Thilly, “A History of Philosophy”, (I) ,2000.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir