Bazar ertəsi, Oktyabr 25, 2021

ENSİKLOPEDİYA, FƏLSƏFƏ

Epiktet kimdir? – Bir kölə azadlığı necə tapdı – İgor Jankovic

Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu.

O, Stoizmin qurucularından biridir.

Epiktet onun nitqlərini toplayıb “Söhbətlər” adı altında 8 cildlik kitaba çevirən tələbəsi Arrian ilə birlikdə fəlsəfə məktəbi yaratmışdı. Arrian həm də “Düşüncələr və söhbətlər” adlı  gündəlik həyata dair biliklərin yer aldığı kitabın müəllifidir. Bu əsərlərdə istirabdan azadlığa doğru gedən yolda əsas prinsiplərin qarşılıqlı əlaqəsi araşdırılmışdı.

Epiktet axtarışlarında hər insanın fəzilətli olmaq imkanına malik olduğuna, Tanrının hər kəsə xoşbəxt olmaq üçün bir şans verdiyinə və eyni zamanda bütün insanların özlərinə hakim olmağı təmin edəcək sağlam xarakter formalaşdırmaq bacarıqlarına malik olduğunu vurğulamışdı.

Daha da önəmlisi, Epiktet bir çox insanın hadisələri necə qavradığından asılı olaraq fəzilətli bir həyat sürməsinin mümkün olduğunu müdafiə edirdi. Bu da insanlara fəzilətin, doğrunun və yanlışın öyrədilə bilən olduğunu göstərirdi. Epiktet bu baxımdan fəlsəfənin ağıl üçün bir öyrənmə vasitəsi olduğunu və bunun da məsumiyyətə,  başa düşülməyə və xoşbəxtliyə təsir etdiyini düşünürdü.

Bütün bunlara əsasən bizə “yaxşını” və “pisi” öyrətdiyi üçün fəlsəfənin önəmli olduğunu deyə bilərik.  Hər birimiz bu anlayışların nə demək olduğunu yaxşı bilirik, ancaq bir məsələ haqqında qərar verərkən yetəri qədər düşünmürük və qərar verənə qədər də iş-işdən keçmiş olur. Bu səbəblə də əxlaqi bir seçim etmək məcburiyyətində qaldığımızda düşüncələrimiz qarışır və nəyin doğru olduğunu yaddan çıxarırıq.

Bu səbəblə də ağılın və məntiqin dəyərini öyrənməyimiz çox önəmlidir. Epiktet eyni zamanda fəzilətli bir həyat sürmək istəyən hər kəs üçün təhsilin “vacib şərt” olduğunu irəli sürürdü. Bu təhsil iki hissədən ibarət olacaqdı: İlki doğuşdan gələn inanclarımızı müəyyən vəziyyətlərə necə uyğunlaşdıracağımızı, digəri isə idarə edə biləcəyimiz və idarə edə bilməyəcəyimiz şeyləri fərqləndirməyi öyrənmək idi.

İdarə edə biləcəyiniz və bilməyəcəyiniz şeyləri öyrənin

İki cür davranışı fərqləndirə bilmək (əlimizdə olanlar və olmayanlar) bütün stoiklərin önəm verdiyi bir xüsusiyyət idi. Yalnız fəzilətli olanı fərqləndirmək bacarığımız varsa, azad ola bilərik. Çünki bu vəziyyətdə bizim rifahımız artıq xaricdəki hadisələrdən təsirlənməyəkdi.

İdarə edə bilməyəcəyimiz hadisələrin sayı isə olduqca çoxdur. Məsələn, digərlərinin bizim haqqımızda nə düşündüyünü ya da nə vaxt və necə xəstələnəcəyimizi idarə edə bilmirik. Sevdiyimiz insanların yaşayıb yaşamayacağı da əlimizdə deyil.  İdarə edə bilmədiyimiz digər şeylər də insanların davranışları, xüsusilə mənəvi vəziyyətləri və hissləridir.

Daha da konkretləşdirsək, özümüzü gücsüz hesab edəcəyimiz bir çox vəziyyətlə qarşılaşa bilərik. Bu səbəbdən də ən uyğun olan, fərdin hər hansı bir şeyi həddindən artıq arzulamaması ya da ondan qorxmamasıdır. Çünki fərd belə bir vəziyyətdə öz gücünü idarə edə bilmədiyi başqa bir gücə təslim etmiş olur.

Yaşanan hər şeyi Tanrıya və ya taleyə şamil etməliydik. Çünki əslində kainat varlığımıza, qorxularımıza, qələbələrimizə və ya xəyallarımıza önəm vermirdi. Bu o deməkdir ki, idarə edə biləcəyimiz tək şey xaricdəki hadisələrə necə baxdığımızdır, yəni ağlımız.

Hadisələrə yanaşmamız xoşbəxtliyin açarıdır

Epiktet xoşbəxtliyimizin hadisələri necə qavradığımızla bağlı olduğunu düşünürdü.  Ümumi xoşbəxtliyimizi bunun müəyyən etdiyini nəzərə alsaq, baş verənləri necə qavramağımız (necə yanaşmağımız) mövzusunda çox diqqətli olmalıyıq.

Kainata və yaşadığımız haqsızlıqlıqlara qarşı qəzəblənməyi seçə bilərik. Ancaq məntiqli düşünsək qəzəbin bizə heç bir faydası olmadığını görə bilərik. Bəs belədirsə, nə etməliyik?

Cavab əslində çox sadədir. Ruhumuzun dərinliklərinə dalmalıyıq.  İdarə edə biləcəyimiz şeyləri seçə bilmək və zehnimizi rahatlatmaq üçün özümüzə uyğun səbəblər tapmaq daha önəmlidir. Epiktet hər kəsin uzun danışıqlar olaraq da bildiyi həqiqətləri olduğu kimi görə biləcəyimiz monoloqlar üzərində işləməyin gərəkdiyini düşünürdü.

Beləliklə, öz-özünə düşünmə şəxsi inkişafımıza təsir etməyə başlayacaqdı.

Hadisələrə yanaşmağımızı idarə etmənin digər yolu isə düşüncə prosesimizə zərər verəcəyi üçün mənfi insanlardan və hadisələrdən uzaq durmaqdır. Çünki mənfi insanlar və vəziyyətlər sabitliyimizi və mühakimə gücümüzü kölgələyirdı.

Epiktet insanın özünə qarşı olan məsuliyyətlərin də çox önəmli olduğuna inanırdı. Bu məsuliyyətlər içərisində ən birinci olaraq bədən təmizliyi gəlir. Bu vəziyyəti “Mövzu mən olduğumda, fəlsəfə ilə maraqlanan gənc bir adamın ilk olaraq özünə vaxt ayırmasını, daha sonra dərvişvari bir həyata qucaq açmasını seçirəm” deyə şərh edirdi. Epiktetin təmizlikdən başqa heyran olduğu digər xüsusiyyətlər isə ölçülü olmaq, təvazökarlıq və dürüstlükdür.

Son olaraq üzərində durmaq istədiyim təlimi isə kosmopolitizmlə bağlıdır.

Hər mövzuda məntiqini və ağlını önə çıxaran bir dahi olmasına baxmayaraq, Epiktet insan sevgisinə və bütün insanların bərabərliyinə inanırdı.

Tərcümə: Araz Əliyev

Mənbə: thewisemind.net

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir