Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ, HUMANİTAR

Ədalət nədir və o, Azərbaycan Respublikası Konstitusiyasında harada və necə qeyd edilib?

  1. Giriş

Ədalət-tarix boyu mənasının nə demək olduğu, tam olaraq necə əldə edilə bilinəcəyi açıqlana bilməyən fəlsəfi anlayış. Bəs nədir çoxlu böyük şəxsiyyətlərin belə mənasının tam izahını verə bilmədiyi “ədalət?” Ədalət kimilərinə görə hər bir insanın doğuluşundan ölümünə qədər necə yaşaya bilirsə, o yolla da həyatını davam etdirməsi, kimilərinə görə hər kəsin bərabər olması, kimilərinə görə isə hər bir şəxsin hərəkətlərinə, ətrafa münasibətinə uyğun, adekvat cavab alması, qarşılıq görməsidir. Verilmiş bütün bu şərhlərin hansının daha çox qəbul edilə bilən olduğunu görmək üçün bu yazıda mümkün olduğu qədər sadə və qısa şəkildə “ədalət” anlayışının nə demək olduğuna və Azərbaycan Respublikası Konstitusiyasında bu fəlsəfi ifadənin qeyd edilmə məqamına və hansı mahiyyəti özündə ehtiva etdiyinə nəzər salınacaq.

  1. Ədalət və Bərabərlik

Ədalət və bərabərlik eyni məfhumlardırmı? Bərabərliyə çatdıqda, ədalət də əldə edilirmi? Ədalət var olduqda, bərabərlik də mövcudluğunu davam etdirirmi? Belə suallar hər zaman böyük müzakirələrə səbəb olmuş, bəziləri “bəli”, bəziləri isə “xeyr” cavabını verməyi daha üstün saymışlar. İlk öncə vurğulamaq yerinə düşərdi ki, bu iki anlayışın hüquqi dövlətdə çox böyük dəyərə sahib olmasına rəğmən, onların bənzər olduqları nəticəsinə gəlmək çox da məqsədəuyğun olmazdı. Baxmayaraq ki, ədalət və bərabərlik qarşılıqlı əlaqədədir, onlar bəzən bir-birlərinin mövcudluğuna maneçilik törədə bilir. Bəzi hallarda onların hər ikisi eyni vaxtda təmin edilə bilirsə, başqa vəziyyətlərdə ədalət əldə edildikdə bərabərlik, bərabərlik əldə edildikdə ədalət mövcud olmur. Bunu qısa bir nümunə ilə aydınlaşdırmaq olar. Məsələn, təsəvvür etmək olar ki, iki cinayətkar var. Onlardan biri birbaşa qəsdlə iki nəfəri qətlə yetirib, digəri isə ehtiyatsızlıqla bir nəfəsin ölümünə səbəb olmuşdur. Məhkəmədə hakim bu iki cinayətkarı eyni müddətə azadlıqdan məhrum edərsə, bu, bərabərlik olar, amma ədalət tam olaraq əldə edilməz. Lakin hər bir cinayətkara törətdiyi əməlin ağırlığına görə cəza təyin edilərsə, bu, tam ədalətli olar, lakin bərabərlik mövcud olmaz. Hər iki nümunədən də göründüyü kimi, bir yerdə bərabərlik bərpa oldu, ədalət tam bərpa olmadı, digərində isə ədalət tam bərpa oldu, bərabərlik olmadı. Əgər onların hər ikisi təmin edilibsə, ki buna nadirən rast gəlinir, insanların heç bir şərt altında ayrı-seçkiliyə məruz qalmadan yaşadığı normal bir cəmiyyətə sahib olmaq mümkün ola bilər.

Bəs nədir bu iki anlayış arasındakı fərq? Bərabərlik odur ki, hər bir fərd və ya hər bir qrup insana heç bir fərq qoyulmadan eyni resurslar, imkanlar və şərait verilir[1].  Burada düşünülə bilər ki, “bəs elə bu, ədalətin var olması üçün yetərli deyilmi?” Sadə və qısa bir nümunə ilə bu sualın cavabını vermək olar. Məsələn, fərz edək ki, iki şəxs var, bunlardan biri zəngin, digəri isə yoxsuldur. Bu iki şəxsin hər birinə yüz manat pul verilsə, bərabərlik əldə ediləcək. Amma bu, ədalətli olacaqmı? Hər halda buna ədalətli demək heç də doğru olmazdı. Çünki onlardan biri varlı, digəri isə yoxsuldur, yəni yüz manat onların hər biri üçün fərqli önəm kəsb edir. Demək ki, sadəcə bərabərlik ədalətə və düzgün vəziyyətə çatmaq üçün kifayət deyildir. Ədalət (haqqında növbəti paraqraflarda ətraflı danışılacağı üçün burada izah edilməsi məqsədəmüvafiq hesab edilmir) isə sanki bərabərliyin daha da faydalı olması üçün tənzimləyici bir funksiya yerinə yetirir. Bərabərlikdən fərqli olaraq, ədalətin əldə edilməsi üçün hər kəsə eyni şəraitin yaradılması zəruri deyildir. Ədalət adətən şəxslər arasında fərqliliklərin qoyulmasına da yol aça bilir. Çünki ədalətin təminatı üçün əsas olan hər bir kəsə eyni imkanların təqdim edilməsi deyil, hamıya lazımi qədərin verilməsidir. İnsanlara ədalətli davranmaq onlar üçün bərabər vəziyyətin yaradılması ilə müqayisə edildikdə birinci olan daha önəmli görünür. Bunun səbəbi odur ki, mövcud halın, şəraitin detallarına diqqət etmədən bərabərliyi əldə etməyə cəhd etmək düzgün deyil və cəmiyyətdə xoş qarşılanmır. Yəni bərabərliyin olmaması həmişə çox ciddi problemlərə yol açmaz, amma ədalətin pozulması hər zaman qarşısı alınmaz sonluqlara səbəb ola bilər. Burada belə bir sual ortaya çıxa bilər : “Bəs demək olar ki, bütün hüquqi dövlətlərin konstitusiyalarında yer alan və ən vacib hüquqların başında gələn bərabərlik hüququnun nə önəmi qalır?” Bu suala cavab vermək üçün birinci olaraq vurğulamaq lazımdır ki, dünya dövlətlərinin çox böyük qisminin konstitusiyasında vurğulanır ki, “hamı qanun qarşısında bərabərdir[2]”. Lakin dövlətlərin verdiyi qərarlar şəxslər arasında bərabər olmayan nəticələrə gətirib çıxardıqda, çox insan düşünür ki, qanun qarşısında bərabərlik prinsipi pozulur. Halbuki bu, bəzən belə olsa da, hər zaman bu mənaya gəlmir. Yenidən sadə bir nümunəyə nəzər salmaq bu suala cavab tapmaqda kömək ola bilər. Məsələn, hüquq mühafizə orqanları müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən iki şəxsi saxlayır və qanun qarşısında bərabərlik prinsipinə uyğun olaraq hər bir şəxs barəsində istintaq aparılır, şəxslərə vəkillərinə müraciət etməyə imkan verilir, hər bir şəxsin şahidləri bərabər şəkildə dinlənilir. Lakin sonda məhkəmə ədalətin tələbinə uyğun olaraq araşdırmalardan çıxan nəticə əsasında təqsirli olana cəza təyin edir, təqsirsiz olan isə heç bir cəza almır. Demək, göründüyü kimi, iki şəxs haqqında bərabərliyin tələblərinə uyğun olaraq araşdırma aparıldı, amma ədalətin tələblərinə uyğun olaraq qərar verildi. Bu vəziyyətdə cəzalanan şəxsin bərabərlik hüququnun pozulduğun demək nəzəri cəhətdən bəlkə mümkün olsa da, faktiki olaraq reallıq əsasında düzgün olmazdı. Yəni buradan çıxan nəticə odur ki, ədalət bərabərlikdən daha vacibdir. Sırf bu səbəblə də şəxslər arasında bərabərsizliyin yaradılması ədalətin tələbidirsə, burada bərabərlik hüququnun pozulduğundan şikayət etmək heç bir məna daşımır. Həmçinin bunu belə bir arqumentlə də əsaslandırmaq olar. Bilindiyi kimi, hər bir şəxsin hüquqlarının qorunması, pozulan hüquqlarının bərpa edilməsi və bu hüquqlar haqqında olan digər proseslər məhkəmələr tərəfindən verilən yekun qərarlar əsasında həyata keçirilir və məhkəmə hakimiyyətinin ən əsas prinsipi onun ədalət mühakiməsini həyata keçirməsidir. Bu prinsipdən də aydın şəkildə görünür ki, nəticə olaraq ədalət daha mühümdür. Ədalətli bərabərsizlik, ədalətsiz bərabərlikdən daha yaxşıdır.

Beləliklə, ədalət və bərabərlik arasında qırılmaz bağlılıq olsa da, onların heç də eyni olmadığın və incə məqamlarla bir-birlərindən fərləndiklərini sezmək asan olmasa da, mümkündür.

  1. Ədalət anlayışı haqqında müxtəlif fikirlər

a. Sokrat bu barədə nə düşünürdü?

Sokrat həm qədim Yunan, həm də dünya fəlsəfə tarixində özünəməxsus yeri olan filosoflardan biridir və klassik yunan fəlsəfəsinin ilk tanınmış nümayəndəsidir. O, Platon və Aristotel kimi məşhur şəxslərdən daha əvvəl yaşadığı üçün günümüzə qədər onun nəzərə çarpacaq qədər çox əsəri gəlib çıxmamışdır. Bunun əsas səbəblərindən biri də yaşadığı dövr üçün xaotik təsir yarada biləcək fikirləri səbəbi ilə başına gələn arzu olunmaz hadisələr və ölümüdür. Sokratın fikirləri haqqında daha çox Platonun “Respublika” və digər əsələrindən məlumat əldə etmək mümkündür.

Sokrat ədalət məfhumu haqqındakı fikrinin qısa izahını belə verir: “Ədalət hər bir kəsin öz işi ilə məşğul olması və ona aidiyyəti olmayan məsələlərə qarışmamasıdır[3].” Sokrat bu fikrini daha geniş şəkildə izah etmək üçün insan ruhundan başlayır və daha sonra onun üçün ideal olan respublika idarə forması ilə davam edirdi. Platon “Respublika” əsərində öz ideyalarını dialoqlar şəklində verərək özündən əvvəl yaşamış filosofların adından danışmışdır. Buna görə də, Sokratın dilindən deyilən sözlərin sırf Sokratamı aid olduğu, yoxsa Platonun öz nəzəriyyəsini müəlliminin dili ilə demək istədiyimi dəqiq bilinmir[4]. Hər halda ən mümkün ehtimal dialoqlarda Sokratın dilindən deyilmiş fikirlərin böyük hissəsinin ona aid olduğunu düşünməkdir. Platona görə Sokrat inanırdı ki, hər bir insanın ruhu üç hissədən (zehni/psixoloji güclərdən) ibarətdir: birincisi, məntiq və ağlı özündə ehtiva edən “məntiqi” logistikadır; ikincisi, bütün duyğuları, hisləri özündə birləşdirən “ruhlu” timoeidlərdir; üçüncüsü isə, instikləri özündə cəmləşdirən epitimetikon “iştaha”dır ki bunu nəfs adlandırmaq olar. Sokratın fikrincə əgər insan yaxşı yaşamaq istəyirsə, bu üç hissəni balanslaşdırmalı və məntiq digər iki hissəni idarə etməlidir. Sokrat Fedroda (Phaedro) adlı başqa bir platonik dialoqda insan ruhunu biri ağ, digəri isə qara rəngdə olan iki atın qoşulduğu arabaya və onları idarə edən arabaçının birləşməsinə bənzədir. Burada “məntiqi” hissə arabaçıdır, ağ at “ruhlu”, qara at isə “iştahaaçan” hissələrdir. İki at arabanı istədikləri kimi çəkməyə çalışır, lakin arabaçı müdaxilə edir və onu getməli olduğu yerə aparır. Sokrata görə sadəcə bu halda insan sülh və harmoniya içində yaşaya bilər[5]. Yenə Platon yazır ki, Sokrat ideal respublikada vətəndaşların əqli və mənəvi güclərinə görə üç sosial təbəqəyə bölünməli olduğunu düşünürdü. İlk təbəqə olan filosof-krallar(philosopher-kings) dövlətin hökmdarları olacaq və arabaçının yerini tutacaqdılar; köməkçilər dövlətin əsgərləri və qoruyucuları; fermerlər, ustalar və sənətkarlar isə istehsalçılar olacaqdılar. Bu üç sosial sinif insan ruhunun üç hissəsi ilə uyğunluq təşkil edir: filosof-krallar “məntiqi” hissəni, köməkçilər “ruhlu” hissəni, istehsalçılar isə “iştahaaçan” hissəni xatırladır. Bir şəhər-dövlətin ədalətli şəkildə, balanslı və sistematik idarə olunması üçün iki aşağı təbəqə filosof-krallara itaət etməli, bütün siniflər öz problemləri ilə məşğul olmalı, bir-birlərini narahat etməmək üçün biri digərinin işlərinə qarışmamalıdırlar.

Son olaraq, ümumiləşdirdikdə Sokrat üçün ədalət qədim yunanların ümumi anlayışı olan tarazlıqdır, balansdır. Bu həm də özünü dərk etməkdir, çünki insan əvvəlcə özünün güclü və zəif tərəflərini etiraf etməli, sonra başqalarından öyrənməyə həvəsli olmalı, rəhbərlərinə itaət etməli və heç kəsi narahat etməmək üçün başqalarının məsələlərinə müdaxilə etməməlidir[6].

b.Platonun Düşüncələri

Qədim Yunan filosofu Platon siyasi fəlsəfə tarixinin ən yaradıcı və təsirli mütəfəkkirlərindən biridir. Platon Sokratın şagirdi olduğu üçün onun ən əsas ilham mənbəyi məhz elə Sokrat idi. Sokratın bütün həyatı boyu cavabının axtarışında olduğu ən vacib suallardan biri ədalətin nə olması haqqında olmuşdur. Buna görə də Platon müəllimindən sonra bu sualın cavabını tapmağa çalışmış və ədalətin müzakirəsi haqqında ən məşhur əsəri olan “Respublika”nı yazmışdır. Sokratın şagirdi olduğu üçün şübhəsiz ki, Platonun yazılarında müəlliminin təsiri görünür və bəzi məqamlarda Platonun Sokratla razılaşdığı sezilməkdədir. Platon ədaləti ictimai həyatın əsl prinsipi hesab edirdi. Onun üçün ədalət yaxşılıq, həmçinin qanunlara tabe olmaq üçün istək, arzu demək idi. Plato yazırdı ki, ədalət ən yüksək fəzilətlərdən biridir[7]. Bunlar Platonun ədalət anlayışı haqqında olan qısa fikirləridir. Əlbəttə, bu fikirlərə gəlmək üçün o özünün uzun və ətraflı izahlarını vermişdir.

Platonun yaşadığı dövrün Afinasında siyasi vəziyyət heç də yaxşı deyildi. Yunan şəhərləri parçalanmışdı və vətəndaşlar bir-birinə qarşı dururdu. Özünün yaşadığı və müəllimi Sokratın ölümünə səbəb olmuş Afina demokratiyası haqqında düşündükdə Platon dövrünün müasir siyasətində iki şeyin hakim olduğu qərarına gəlirdi: Biri cəhalət, digəri isə siyasi eqoizm idi. Platon ədaləti bu problemli məsələlərə yeganə çarə olaraq görürdü[8].

Platon “Respublika” əsərini dialoqlar əsasında yazdığı və bir neçə filosofun dilindən danışdığı üçün hansı fikirlərin ona aid olduğu tam olaraq bəlli deyildir. Əgər əsərin ümumi kontekstini və Sokrata məxsus olduğu düşünülən fikirlər nəzərə alınarsa, Platonun ədalət anlayışı haqqında olan nəzəriyyəsinin müəlliminin fikirləri ilə demək olar ki, üst-üstə düşdüyünü söyləmək mümkündür. Sadəcə olaraq, Platonun əsərlərindən günümüzə gəlib çıxanlar olduğu üçün onun düşüncələrinin daha geniş izahı verilə bilir. Platona görə ədalət fərdi həyatda və ictimai həyatda hər bir fərdin və hər bir təbəqənin öz yerində yerləşdirilməsi deməkdir. Və hər bir sinif bu qabiliyyətlərdən birinin üstünlük təşkil etməsinə görə, sosial və mənəvi iyerarxiyada yer alır. Onun fikrincə ədalət bir keyfiyyətdir – mənəvi həyatın əvəzsiz keyfiyyətidir. Bu, fərdin və dövlətin şərtidir və ideal dövlət ədalətin görünən təcəssümüdür. Dövlət, ideyası ədalət olan reallıqdır. Ədalət nəzəriyyəsində Platon deyirdi ki, hər bir fərd funksional bir vahiddir, aydın öhdəlikləri və imtiyazları ilə müəyyən bir vəzifə daşıyır və onu səylə və diqqətlə yerinə yetirməsi gözlənilir. Platon da fərdi qabiliyyətlərin fərqli olması ilə bağlı arqumentlərini üç sinif və üç ruh nəzəriyyəsinin köməyi ilə izah edir. Onun bu hissədən sonra olan fikirləri bəzi fərqliliklər olmasına baxmayaraq, əsasən Sokratın düşüncələri ilə böyük ölçüdə eynilik təşkil edir. O hər bir insanın ruhunda üç xüsusiyyətin olduğunu qeyd edirdi: rasional, ruh və iştah. Əlavə olaraq dördüncü fəzilət kimi ədaləti göstərərək, onun digər üç keyfiyyəti tarazlaşdırdığını və uyğunlaşdırdığını düşünürdü. Platon hər bir ruhda bu xüsusiyyətlərdən biri üstünlük təşkil edən qabiliyyət olacağını deyirdi. O bu üç xüsusiyyətə sahib olan insan sinfini ideal respublika dövlət quruluşunda belə əlaqələndirirdi: “Rasional qabiliyyətlərin üstünlük təşkil etdiyi fərdlər hakim sinfi təşkil edəcəklər. Ruhun üstünlük təşkil etdiyi xüsusiyyətlər döyüşçülərdir. Hökmdarlar və əsgərlər birlikdə qəyyum sinfini təşkil edəcəklər. Nəfsi iştahlı olan insanlar maddi şeylərə həvəs göstərirlər. Bunlar sənətkarlar, istehsal edən təbəqədir.” Platon ədalətsizliyi müdaxilə və qarışmaq kimi, yəni bir şəxsin digərinin işinə müdaxilə etməsi kimi başa düşürdü. O yazırdı ki, üç sosial təbəqə arasında hər hansı iş, vəzifə dəyişimi, mübadiləsi dövlətə zərər gətirir və bu, dövlət və cəmiyyət üçün ən böyük təhlükələrdən biridir. Əksinə, hökmdarlar, döyüşçülər və sənətkarlar öz vəzifələrini yerinə yetirsəydilər, belə bir dövlət ədalətli olardı. Beləliklə, Platonun müəyyən etdiyi üç sinif düzgün əlaqədə işləyərək, bütün dövlətdə maksimum rifahı təmin edəcəkdi. İcmanın hər bir üzvü özünün ən uyğun olduğunu sübut etdiyi sinfə təyin edilməli idi[9].

Deməli, Platona görə ədalət cəmiyyətin müxtəlif təbəqələrini, hər bir təbəqənin ayrı-ayrı fərdlərini və fərdin ruhunda olan müxtəlif elementləri lazımi sərhədlər daxilində saxlayan müdaxilə etməmək prinsipidir. Bu, hər kəsi cəmiyyətə xüsusi töhfə verməyə sövq edən funksional ixtisaslaşma prinsipidir. Platona görə ixtisaslaşma səmərəliliyə gətirib çıxarır. Hər bir sinif və hər bir fərd öz vəzifəsini yerinə yetirəcək və heç kim digərinin fəaliyyətinə mane olmayacaq[10].

c. Aristotel üçün Ədalət nədir?

Aristotel qədim Yunan fəlsəfə tarixinin Platondan sonra üçüncü ən görkəmli nümayəndəsidir.  Aristotel sadəcə fəlsəfə sahəsində deyil, bir neçə elm sahəsində ən böyük mütəfəkkirlərdən hesab edilir. Məntiq elminin banisi kimi görülür. Onun əsərləri Son Antik dövrdən İntibah dövrünə qədər əsrlər boyu fəlsəfəni formalaşdırdı və bu gün də kəskin və köhnəlməyən olmayan maraqla öyrənilməyə davam edir. Möhtəşəm tədqiqatçı və yazıçı olan Aristotel iki yüzə  qədər böyük bir traktat toplusundan ibarət əsər yazmışdır və onlardan təxminən otuz biri bu gün əlçatandır. Aristotel Platonun şagirdi olmuşdur, buna görə də onun düşüncələrində müəlliminin təsirinin olduğu hiss edilir[11]. O, ədalət anlayışı haqqında geniş fikirlərə sahib idi. Demək yerinə düşərdi ki, Aristotelin ədalət haqqında izahı özündən əvvəlki filosofların təsirinin də olmasına baxmayaraq, daha ətraflı və daha mürəkkəbdir. Qısa formada izah edilərsə, Aristotel üçün ədalət hər kəsə haqq etdiyini onun layiq olduğu dərəcədə verməkdir. Onun fikrincə haqqın ölçüsünün müəyyən edilməsi paylanmış əşyanın xarakterinə uyğun aparılmalıdır. Yəni paylanan şey mal-dövlət və ya zadəganlıq kimi meyarlara görə deyil, o şeyin fitrətinə uyğun olana verilməlidir. Aristotel ədaləti yalnız pay bölgüsü kimi görmür, həm də islahedici və mübadilə ədaləti kimi iki fərqli ədalət növündən bəhs edir. Bu araşdırma onun siyasət, fəzilət və ədalət arasındakı əlaqəsini araşdıraraq günümüzün siyasi problemlərinin həllinə töhfə vermək məqsədi daşıyır. Əlbəttə Aristotel  də ədalət məfhumu haqqında olan fikirlərini daha geniş şəkildə qələmə almışdır. Aristotelin ədalət nəzəriyyəsi üçün əsas mənbə “Nikomachean Etikası” əsərinin V kitabıdır, bu kitab onun “Siyasət” əsərini tamamlayan və izahlı qaydada ondan əvvəl gələn əsəridir[12].

Aristotel ədalət mövzusu ilə məşğul olarkən özünün rəsmi olaraq təsdiq etdiyi aşağıdakı tərifləri verir: Ədalət insanlara düzgün, ədalətli olanı etməyə və doğru, ədalətli şeylər istəməyə imkan verən xasiyyətdir. Haqsızlıq isə insanları ədalətsizliyə və ədalətsiz şeylər arzu etməyə sövq edən vərdişdir. Qarışıqlıqlar arasındakı bu bağa diqqət çəkən Aristotel deyir ki, ədalətin bir neçə mənası varsa, ədalətsizliyin də bir neçə mənası olacaq. Daha sonra o qeyd edir ki, ədalətsizlik həm qanuna tabe olan, həm şəxsi mənafeyini düşünən, həm də qeyri-bərabər insanın təbiətinə uyğundur. Ona görə də dolayı yolla qanuna tabe olan, bərabərliyə riayət edən, şəxsi mənafeyi olmayan insanlar ədalətli olacaqlar. Aristotelə görə, qanuni olan şeylər, qanuni olaraq düzgün olan şeylər ədalətli adlanırsa, bu, müəyyən mənada ədalətlidir. Bununla belə, Aristotelin bu məqamda yaxşı qanunlar prezumpsiyası ilə danışdığını da nəzərdən qaçırmaq olmaz. Aristotel yaxşı qanunlardan siyasi cəmiyyətin xoşbəxtliyini, onun elementlərini nəyin hədəflədiyini başa düşür. Bu mənada qanunların siyasi cəmiyyətin yaradılması və saxlanması üçün düzgün qaydalar olması baxımından ədalətli olduğunu və ya ədalətin birinci və ümumi mənasının qanuna tabe olmaq, itaət etmək olduğunu söyləmək yanlış olmazdı. Aristotelə görə, təmkin, müdriklik və cəsarət kimi bütün digər fəzilətlər insanın nəfsi ilə bağlıdır. Lakin ədalət tam və ən özünü təmin edəndir, çünki o, həm digər fəzilətləri, həm də başqaları ilə münasibəti ehtiva edir. Əslində bu ədalətin cəmiyyətə xeyirli olduğunu deməyin başqa bir ifadəsidir. Aristotel normal bir cəmiyyətdə yaşamaq üçün ədalətin ən vacib ünsür olduğunu deyirdi. Aristotelin fikrincə ədalət siyasətə uyğundur ki, hökmdarlar başqaları ilə münasibət qururlar və bu münasibətdə xeyirli olanı, xoşbəxtliyi hədəfləyirlər. Hökmdar ədalətli olduqda, başqa fəzilətlər də daxil olmaqla, hökm verir. Çünki Aristotelin fikrincə, ədalət hər hansı ünsürün bir hissəsi deyil, bütövdür. Haqsızlıq isə pisliyin cəmidir. Aristotel iki cür ədalətdən, hansılar ki bütün olan ədalətin parçalarıdır, bəhs edir: “dağıdıcı” (iustita distributiva) və “düzəldici” (iustita commutative) və ya digər adı ilə bilinən “tarazlaşdırıcı” ədalət. Onun üçün ədalətin birinci növü olan dağıdıcı ədalət vətəndaşlar arasında şərəf, pul və ya bölünə bilən şeylərin bölüşdürülməsi ilə bağlıdır. Digər növ satınalmalarda düzəldici kimi çıxış edir. Bu məqamda Aristotel iki növ mübadilədən danışır. Birincisi könüllü alış-verişdir ki, bu da satış, alış, borc vermək və s. deməkdir. İkincisi qeyri-iradi, yəni məcburi alışlardır. Bunlar şirnikləndirmə, oğurluq və tələyə düşürmə kimi vəziyyətlərlə bağlıdır. Aristotel də ədalət növlərini izah edərkən etik təlimlərində tətbiq etdiyi orta yoldan istifadə edir. Müvafiq olaraq, bölünən mallar tərəflərə bərabər bölünməlidir. Lakin Aristotel bərabərliyi mütləq bərabərlik və ya eyni payı götürmək kimi başa düşmür. Onun fikrincə, bərabər olan odur ki, fiziki şəxslərin aldığı payların nisbətləri bir-birinə bərabər olsun. Yəni fiziki şəxslərə paylanan səhmlər statuslarına görə dəyişir. Fərqli vəzifələrdə olan iki şəxs fərqli paylar alır, lakin bu paylar layiq olduqlarından nə çox, nə də az olmamaq şərti ilə bərabər və ya ədalətli bölgü olacaq. Daha doğrusu, bu insanlar yerləşdikləri yer, iqtisadi səviyyə və s. baxımdan fərqlənə bilər. şərait baxımından bərabər olarsa, paylanacaq şey bərabər olar, əks halda bərabər olmaz. Lakin bu dəyər müxtəlif tipli cəmiyyətlərdə fərqli başa düşülür. Demokratiya ilə idarə olunan cəmiyyətlərdə azadlıq, oliqarxiya tərəfdarlarına görə zənginlik və zadəganlıq, aristokratiya tərəfindən idarə olunan cəmiyyətlərdə isə fəzilət qiymətlidir[13].

Aristotelin haqqında yazdığı digər ədalət növü isə “düzəldici” (“tarazlaşdırıcı”) ədalətdir. Burada isə əsas olan dağıdıcı ədalətdəki kimi hər şeyin haqlılığa, doğruluğa uyğun olması deyil, mütləq bərabərlikdir. Aristotel vurğulayır ki, bu növdə ədaləti yaradan ünsür bərabərlik, ədalətsizliyi ortaya çıxaran isə bərabərsizlikdir. Burada tərəfləri bərabər qəbul edən qanuna qarşı görülən hərəkətin qiymətləndirilməsi sual altındadır. Yaxşı və ya pis adamın cinayət törətməsi deyil, yalnız qətl hadisəsi ədalətli sayılmalıdır. Yəni, Aristotelin fikrincə bu ədalət növündə cinayəti törədən şəxsin psixi vəziyyəti, bu əməli törətmə səbəbləri, qəsdən və ya ehtiyatsızlıqdan törətməsi kimi hallar deyil, sadəcə cinayət törətməsi nəzərə alınır. Demək hansı halda törədilməsindən asılı olmayaraq iki müxtəlif cinayət törədən şəxs bərabər hesab edilirmiş. Bu məqamda ədalət qeyri-bərabər vəziyyətləri bərabərləşdirməyə çalışır. Aristotel burada bərabərliyin təmin olunduğu tərəfi qazanc, payın alındığı tərəfi isə zərər kimi ifadə edir. Bu kontekstdə onun fikrincə, ədalət qazanc və zərər arasında orta yerdir. Daha əvvəl deyildiyi kimi, etik və siyasi mənada orta olmağı mənimsəyən Aristotel burada ədalətin də bir növ orta olduğunu bildirir. Burada önəmli olan odur ki, hakim bərabərliyi təmin etmək üçün hansı payın kimdən alınacağına, kimin əlavə olunmasına diqqət yetirməli və nəticədə ədalət təmin edilməlidir. Onun bu ədaləti təmin etməklə demək istədiyi odur ki, ədalətli hakim tərəfləri mənfəət və zərər vəziyyətlərinin yaranmadığı bir vəziyyətə gətirir[14].

Beləliklə, göründüyü kimi, Aristotel üçün siyasət və ya ədalətli idarəçilik iqtisadi bərabərlik, faydanın artırılması və ya fərdi maraqların təminatçısı kimi müasir rollardan kənarda fərqli məna daşıyır. Aristotelin siyasətlə bağlı öz dövrü üçün qəbuledilməz sayıla bilən fikirləri müxtəlif elm sahələri üzrə aparılan tədqiqatların mövzusu olması baxımından aktuallığını qoruyur. Bunun səbəblərindən biri də siyasətin mahiyyəti, funksiyası və əsas məqsədinin hələ də müzakirə edilməməsidir desək, yanılmarıq. Konkret olaraq ədalətdən danışıldıqda, şübhəsiz ki, ədalət insan ruhunda və cəmiyyətdə ən təməl şeydir[15]. Aristotel üçün də ədalət tam olaraq aydınlaşmayan, şəraitdən-şəraitə dəyişən və cəmiyyətin təməlində dayanan bir anlayışdır.

  1. Bəs “ədalət” anlayışı haqqında daha çox qəbul edilən düşüncə nədir?

Göründüyü kimi bu mövzu haqqında çoxlu fikirlər mövcuddur və yuxarıda qeyd edilənlər bu nəzəriyyələrin sadəcə kiçik bir hissəsidir. Əlbəttə, müxtəlif şəxslərə fərqli nəzəriyyələr daha uyğun və qəbul edilən görünə bilər, lakin hər məsələdə olduğu kimi burada da üstünlük təşkil edən tərəf var. İnsanlar arasında ədalət anlayışı haqqında daha məntiqə uyğun hesab edilən izah “hər kəsin haqq etdiyini əldə etməsidir[16]”. Buraya təkcə maddi nemətlər deyil, azadlıqlar və hüquqlar kimi bölüşdürülə bilən bütün şeylər daxildir. Tez-tez görülən işlərin əksinə olaraq, ədaləti əxlaqi cəhətdən yaxşı və ya düzgün olanla qarışdırmaq olmaz. Bir şəxs başqaları tərəfindən əxlaqsız sayıla bilən, lakin ədalətsiz olduğu iddia edilə bilməyən hərəkətlər edə bilər[17]. “Hər kəsin haqq etdiyi” deyildikdə sadəcə yaxşı müsbət şeylər nəzərdə tutulmur, bura mənfi olan da daxil ola bilir. Yəni, məsələn, zəhmət çəkən birinin haqq etdiyi uğura yeyələnməkdirsə, tənbəl şəxsin haqq etdiyi də bu əməlinin ağır nəticələri ilə qarşılaşmaqdır. Təbii ki, bunlar sadəcə nəzəri düşüncələrdir, reallıqda baş verən və kiminə görə təsadüf, kiminə görə isə tale/bəxt olan hadisələr burada nəzərə alınmır.

  1. “Ədalət”in Azərbaycan Respublikası Konstitusiyasında yeri

Bilindiyi kimi praktiki cəhətdən bəzi ölkələrdə formal, bəzi ölkələrdə həqiqətən olsa da, nəzəri cəhətdən konstitusiya dünya dövlətləri tərəfindən ölkə daxilində ən önəmli hüquqi akt hesab edilir. Konstitusiya daha çox nəzəri fikirləri özündə əks etdirir və digər qanunlar konstitusiyanın maddələrinin kontekstini geniş şəkildə izah edir.

Şübhəsiz ki, hüquqi dövlət quruluşuna sahib olan Azərbaycan Respublikasının Konstitusiyası olmaya bilməzdi. 1995-ci ildə qəbul edilən, 2002, 2009 və 2016-cı illərdə ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə dəyişikliklərlə konstitusiyanın III fəsli 48 maddə ilə birlikdə insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir.  İnsan və vətəndaş hüquq və azadlıqlarından bəhs edərkən ədalət haqqında danışmamaq heç də yaxşı olmazdı. Lakin konstitusiyanın məhkəmə hakimiyyəti haqqında olan müddəaları istisna olaraq, başqa hissədə və əsasən də hüquq və azadlıqların qeyd edildiyi fəsildə ədalət anlayışına tərif verən birbaşa maddəyə rast gəlinmir. Halbuki konstitusiyanın hər zaman geniş şərhə açıq olan və bir müddəasının nəzəri düşüncələrə əsaslanaraq müxtəlif üsullarla aydınlaşdırılmasının mümkün olduğunu nəzərə aldıqda birbaşa olmasa da, “ədalət” anlayışının Azərbaycan Respublikası Konstitusiyasında yer aldığını görmək mümkündür. Bunun üçün bərabərlik hüququnun vurğulandığı 25-ci maddənin IV hissəsinə nəzər salmaq gərəklidir.

Konstitusiyanın həmin müddəasında qeyd edilir: “Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz[18]”. Bu müddəaya diqqətlə baxdıqda əslində mənasının elə “hər kəs haqq etdiyini əldə etməlidir” fikri ilə üst-üstə düşdüyünü görmək olur. Yəni bir şəxsin haqq etdiyi bu güzəşt və imtiyazları əldə etmək deyilsə, demək ədalətli olan əldə etməməsidir; yox, əgər həmin şəxsin haqq etdiyi bu güzəşt və imtiyazları əldə etməkdirsə, demək ədalətli olan onun bunları əldə etməsidir. 25-ci maddənin III hissəsində göstərilən əsaslar bunlardır: “irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə.” Maddənin IV hissəsini parçalara ayıraraq izah etmək daha məqsədəuyğun olardı.

İlk öncə IV hissənin birinci yarısına baxmaq lazımdır. “Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz,”-Burada güzəşt və imtiyaz sözlərini dar mənada başa düşmək düzgün deyil. Yuxarıda da qeyd edildiyi kimi konstitusiya müddəaları daha geniş izah tələb etdiyi üçün bu iki sözü daha geniş mənada anlamaq gərəkdir. Cümlənin bu hissəsinin nə məna verdiyini bu yazının ən başından müraciət etdiyimiz cinayətkar nümunəsinə istinad edərək göstərmək olar: yəni, 25-ci maddənin III  hissəsində qeyd edilən əsaslardan biri olan irqə əsasən tutaq ki, eyni cinayəti törətmiş iki cinayətkardan biri ağdərili, digəri isə qaradərilidir deyə, ağdəriliyə daha az cəza təyin edilməsi düzgün olmaz; və ya eyni cinayətə görə məhkəmə qarşısına çıxarılmış iki şəxsdən biri varlı təbəqənin, ikincisi isə yoxsul təbəqənin nümayəndəsidir deyə, ikinciyə daha ağır cəza təyin edilməsi doğru olmaz. IV hissənin ikinci yarısının izahına gəldikdə isə (“yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”) az öncə verdiyimiz cinayətkar nümunəsinə əsasən belə yazmaq olar: tutaq ki, əgər iki eyni cinayətdə şübhəli bilinən iki şəxsdən qaradərili olanın heç bir günahı olmadığı üzə çıxırsa, sırf dərsinin rənginə görə onu azad etməkdən imtina etmə qanunsuz hərəkətdir. Beləliklə eyni qayda ilə III hissədə yazılan bütün əsasları bu nümunəyə tətbiq edərək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinin ədalət anlayışının izahını dolayı yolla verdiyini sezmək mümkündür. Yəni Azərbaycan Respublikasının bu müddəasından belə bir nəticə çıxır ki, hər bir kəs etdiyi əmələ, səbəb olduğu hadisəyə, qısacası etdiyi hərəkətlərə uyğun olaraq haqq etdiyini almalıdır, amma bu, nə az, nə də çox olmamalıdır.

Demək, 25-ci maddənin IV hissəsində qeyd edilən “güzəştlər və imtiyazlar” sözləri düşünüldüyü kimi dar məna ifadə etmir, əksinə daha geniş mənada bir şəxsin haqq etdiyi və etmədiyi bütün nə varsa, onu ifadə edir.

  1. Nəticə

Sonda qeyd etmək lazımdır ki, ədalət məfhumu haqqında çoxlu fikirlərin, nəzəriyyələrin mövcud olmasına rəğmən, hələ də hər hansı bir fikir tam olaraq 100 faizlik bir dəqiqliyə sahib hesab edilmir. Şübhəsiz, bu heç mümkün də deyildir.  Bu gün də kütlələrin ən çox istədiyi şey ədalətdir. Çünki ədalətdən daha universal, daha güclü və mükəmməl heç nə təsəvvür edilə bilməz. Dəqiq olan odur ki, bu mövzu haqqında hər zaman deyilən yeni sözlər, edilən yeni müzakirələr var olacaqdır. Zatən elmi inkişafda edən onun hər zaman yeniliyə açıq olmasıdır.

[1] George Washington University, Equity vs. Equality: What’s the Difference? , 1 (2019)

[2] Vasif Cəfərov, Bərabərlik olmadan hüquqi dövlət olmaz, s 17 (2017)

[3] Plato, The Republic or On Justice, 433a

[4] Hayyam Celilzade, Platon’un Adalet Anlayışının Geçerliliği Üzerine, Cilt 5 Sayı 2, (2020)

[5] Eleftherios Tserkezis, What is justice for Socrates (2018)

[6] Plato, Justice for Socrates on the Republic

[7] Paromita Chakraborty, Surendranath College, Plato’s theory of Justice, p.2

[8] Paromita Chakraborty, p.4

[9] Eric A. Havelock, The Greek Concept of Justice From Its Shadow in Homer to its Substance in Plato,   Massachusetts, Harvard University Press, p. 308-323 (1978)

[10] Ayşe Gül Çıvgın , Platon’un Adalet ve Filozof Kral Anlayışı, İNSAN VE TOPLUM BİLİMLERİ ARAŞTIRMALARI DERGİSİ Cilt / Vol: 7, Sayı/Issue: 1, Sayfa: 212-229 (2018)

[11] Stanford Encyclopedia of Philosophy, Aristotle (2008)

[12] Anton-Hermann Chroust, David L. Osborn, Aristotle’s Conception of Justice, University of Notre Dame, volume 17, issue 2 (1942)

[13] Mehmet Çiçek, Aristoteles’in Adalet, Anlayışı, Manisa Celal Bayar Üniversitesi Sosyal Bilimler Dergisi, p.7 (2020)

[14] Mehmet Çiçek, Aristoteles’in Adalet, Anlayışı, p.8

[15] Arslan TOPAKKAYA, Aristoteles’te Adalet Kavramı,  The Journal of International Social Research Volume 2/6 Winter (2009)

[16] Manuel Velasquez, Claire Andre, Thomas Shanks, S.J., and Michael J. Meyer, Justice and Fairness (2014)

[17] Nigel Ashford, Principles of a Free Society- Justice

[18] Azərbaycan Respublikası Konstitusiyası, Maddə 25. Bərabərlik Hüququ

Sübhan Rəsulzadə

ADA Universiteti, Hüquq Fakültəsi

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.